21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dilqəm ailəsinə video göndərməkdən imtina edib

27.11.2019

Atam Dilqəm Əsgərov bizə nə şəkil göndərilməsinə icazə verir, nə də video-görüntü. Bizə artıq məktub da yazmır.
Bu sözləri Axar.az-a erməni girovluğunda olan kəlbəcərli əsir Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. K.Əsgərov deyib ki, artıq uzun müddətdir atasından nə məktub, nə şəkil, nə də video görüntü əldə edə bilirlər:
"Qırmız Xaç Komitəsi atamla bağlı bizə ancaq şifahi məlumat verir. Biz komitənin fəaliyyətindən çox razıyıq, ən azından bizi nigaran saxlamayıb məlumat verirlər. Komitə atam Dilqəm Əsgərova baş çəkib saxlanma və sağlıq durumu ilə yaxından tanış olub. Komitənin məlumatına görə, atamın saxlanma şəraiti və sağlıq durumu normaldır, səhhətində elə də ciddi problem yoxdur. Ancaq Skaypla görüntülü danışıq Qırmızı Xaç Komitəsinin səlahiyyətində olan bir iş deyil. Ancaq Azərbaycan və Ermənistan dövlətlərinin arasında razılıq əldə olunarsa, Skaypla görüntülü danışığa Qırmızı Xaç Komitəsi şərait yaradar”.
K.Əsgərov bildirib ki, D.Əsgərovun ailəsinə foto-video göndərmək istəməməsinin səbəbini bilmirlər:
"Ümid edirəm ki, atam razılıq versə, komitə əməkdaşları atamdan nəinki foto, hətta video-görüntü də gətirər. Çox təəssüf ki, atam özü şəkil və video-görüntü göndərmək istəmir. Düzü, bunun səbəbini bilmirik. Məktub yazmamasının səbəbini bilirəm ki, bu sırf 2-3 cümlənin yazılmasına icazə verilməsi ilə bağlıdır. "Salam. Mən yaxşıyam. Siz necəsiz? Vəziyyətim yaxşıdır. Səhhətim yaxşıdır” tipli cümlələrdən başqa nə isə yazmağa icazə yoxdur. Məhz bu səbəbdən atam daha bizə məktub yazmır”.
Kəlbəcərli girovun oğlu atasının və digər girov Şahbaz Quliyevin bu ilin sonuna qədər azad edilməsinə inamlarının qalmadığını da bildirib:
"Sözün açığı, bu ilin sonuna olan ümidlərimiz puç oldu. Ancaq biz ümidimizi itirməmişik. Ümid edirəm ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və atamla Şahbaz Quliyev girovluqdan azad ediləcək”.