"Qalatasaray" qələbəni əldən verdi
27.11.2019
UEFA Çempionlar Liqasınınn qrup mərhələsində V tura start verilib.
Turun açılış oyunları Türkiyə və Rusiyada təşkil olunub. İstanbuldakı qarşılaşmada "Qalatasaray" Belçika "Brügge"si üzərində qələbəni uzatma dəqiqələrində qaçırıb. 11-ci dəqiqədə Adem Büyük hesabı açıb. Bu, "sarı-qırmızılar"ın cari mövsümdə ilk qolu olub. Lakin 90+2-ci dəqiqədə Krepin Diatta qonaqların bərabərlik qolunu vurub.
Bundan sonra Diatta və komanda yoldaşı Klinton Mata qol sevincini yolverilməz tərzdə qeyd etdikləri üçün ikinci sarı vərəqə alaraq, meydandan qovulublar. Lakin "Qalatasaray" 9 futbolçu ilə qalan "Brügge"yə qalan uzatma dəqiqələrində qol vura bilməyib.
Nəticədə Belçika təmsilçisi xallarını 3-ə çatdıraraq, 3-cü, Türkiyə komandası isə 2 xalla sonuncu pillədə qalıb. İndi Avropa Liqasına vəsiqə verən 3-cü yerin taleyi son turda həll olunacaq. "Qalatasaray" Fransada PSJ-nin qonağı olacaqsa, "Brügge" evdə İspaniya "Real Madrid"i ilə qarşılaşacaq.
D qrupunun qarşılaşmasında isə "Lokomotiv" Moskvada Almaniyanın "Bayer" komandasına 0:2 hesabı ilə uduzaraq, Avropa Liqası şansını da itirib. 11-ci dəqiqədə "dəmiryolçular"ın futbolçusu Rifat Jamaletdinov öz qapısına göndərib. 54-cü dəqiqədə isə Sven Bender son nöqtəni qoyub. Bu qələbə sayəsində "Bayer" qrupda 2-ci yer uğrunda mübarizə şansını qoruyub. Lakin hazırda davam edən görüşdə İspaniya "Atletiko"su İtaliyada "Yuventus"a qalib gəlsə, Almaniya komandası Çempionlar Liqasının 1/8 finalına vəsiqə şansını itirəcək.