Mehdiyevin yerinə təyinat nə vaxt olacaq?
22.11.2019
Prezident Administrasiyasının rəhbəri Əfv Komissiyasının sədri olur. Düşünürəm ki, tezliklə bütün komissiyalarda uyğun qaydada dəyişikliklər baş verəcək. Bu, sadəcə, texniki bir məsələdir. Əfv Komissiyasının sədri barədə də müəmma tezliklə aradan qalxacaq.
Bunu Əfv Komissiyasının üzvü hüquqşünas Əliməmməd Nuriyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən azad olunub Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsindən sonra Əfv Komissiyasının sədri postunun boş qalması ilə bağlı Musavat-com-a açıqlamasında deyib.
Ə.Nuriyev komissiya üzvlərinin prezident tərəfindən təyin olunduğunu və onun tərəfindən də azad edildiyini bildirib:
"Əfv Komissiyasının üzvlərinin təyin edilməsi barədə prezident sərəncamı var. Bu sərəncam qüvvəsini saxlayır. İndiyə qədər Prezident Administrasiyası rəhbərinin komissiya sədri olması təcrübəsi var. Bizdə bunun nə üçün belə olmasının səbəbi mövcuddur. Bu, prezidentin hüququndan doğan bir məsələdir. Ölkə başçısının əfv etmək hüququ var. Bunun təşkilati, texniki həllini də prezident özü müəyyənləşdirir”.