Sutkalıq neft hasilatı rekord səviyyədə
21.11.2019
Birləşmiş Ştatların gündəlik xam neft istehsalı 12,8 milyon barreldir.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı sutkada orta hesabla 12,8 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
ABŞ-ın sutkalıq neft istehsalı yanvarda orta hesabla 11,9 milyon barrel, fevralda 12 milyon, martda 12,2 milyon, apreldə 12,3 milyon, mayda 12,4 milyon, iyunda 12,2 milyon, iyulda 12 milyon, avqustda 12,3 milyon, sentyabrda 12,4 milyon, oktyabrda isə 12,6 milyon barrel olub.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 222 min barrel artaraq gündəlik 5,9 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 394 min barrel çoxalaraq sutkada 3,02 milyon barrelə çatıb.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,3 milyon barrel, gələn il isə 13,3 milyon barrel olacaq.