Şeyx ABŞ səfiri ilə GÖRÜŞDÜ
20.11.2019
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenbergeri qəbul edib.
İdarədən verilən məlumata görə, səfiri səmimi salamlayan Şeyxülislam A.Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə və mənəvi irsə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıb.
QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlərarası dialoq və əməkdaşlıq məsələlərinə verdiyi önəm və töhfələrdən söhbət açdı. Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə Bakıda keçirilmiş Dünya dini liderlərinin II Bakı Sammitində ABŞ-dan təşrif buyurmuş geniş nümayəndə heyətinin çoxkonfessiyalı tərkibinin fəal iştirakından məmnun qaldığını bildirən QMİ sədri Zirvə görüşünün doğurduğu beynəlxalq rezonans barədə məlumat verdi. O bildirdi ki, Azərbaycanın təşviq etdiyi, insan həmrəyliyinə xidmət edən multikulturalizm ideyalarına dünyanın ehtiyacı vardır və II Bakı Sammiti bu ümdə həqiqəti bir daha nümayiş etdirdi.
Şeyxülislam xüsusi vurğuladı ki, dünyada mövcud olan və insan qırğınları ilə müşayiət olunan münaqişə bölgələrinin təmsilçilərinin bir araya gəlməsi, bu münaqişələrin qarşısının alınması üçün siyasi, dini, ictimai xadimlərin səylərinin birləşdirməsi böyük dəyər kəsb edir. QMİ sədri Sammitdə nifrət çağırışlarına qarşı, dindən siyasi məqsədlər üçün istifadə olunması əleyhinə, habelə dini-mənəvi irsin saxtalaşdırılması, mənşəyinin dəyişdirilməsi və s. kimi ümumbəşəri məsələlərə dair ümumi mövqenin ifadə olunmasını, bunların Bakı Bəyannaməsində əksinin tapmasını müsbət dəyərləndirdiyini bildirdi.
Qəbula görə təşəkkürünü bildirən, görüşdən məmnun olduğunu qeyd edən səfir anadan olmasının 70 illik yubileyi münasibətilə Şeyxülislamı təbrik edərək xoş arzularını ifadə etdi. QMİ sədrinin dinlərarası əməkdaşlıq işinə verdiyi töhfələri qeyd edən səfir Şeyxülislamın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yönündə səylərini xüsusi vurğuladı. ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlaması işinə xidmət edən belə ünsiyyətləri yüksək dəyərləndirdiklərini Şeyxülislamın diqqətinə çatdırdı. Erməni dini lideri ilə təmasların davamlı olmasının əhəmiyyətini qeyd edən amerikalı səfir belə görüşlərin, müxtəlif səviyyədə cəmiyyət nümayəndələrinin – jurnalistlərin, dini icma nümayəndələrinin, qadın fəalların qarşılıqlı səfər və müzakirələrinin xalqlar arasında sülhün baş tutacağına ümidləri artırdığını bildirdi. Şeyxülislam A.Paşazadə, öz tərəfindən, 1988-ci ildən bəri vasitəçilər tərəfindən erməni dini liderləri ilə keçirdiyi çoxsaylı görüşlər, o cümlədən, MDB Dinlərarası Şurasının həmsədri kimi İrəvana səfəri, erməni katalikosunu I Bakı Sammiti çərçivəsində Bakıya dəvət etməsi barədə danışdı. QMİ sədri bu görüşlər zamanı əldə olunmuş razılaşmalara erməni tərəfinin davamlı şəkildə əməl etməməsindən narazı qaldığını bildirdi, lakin ümumən dini liderlərin görüşlərinə dair səfirin təklifini müsbət dəyərləndirdi. A. Paşazadə həqiqətə, ədalətə istinad etmə şərti ilə belə görüşlərə ümidlə baxdığını xüsusi vurğuladı.
Şeyxülislam xüsusi vurğuladı ki, narahat dünyamızda mövcud təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, müxtəlif dinlər arasında həmrəylik və əməkdaşlıq sayəsində xilas ola bilər. QMİ nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi məhz bu məramlara xidmət edir. Səfir, öz növbəsində, dünyada gedən proseslər fonunda Azərbaycanın multikulturalizm diyarı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi dinlərarası dialoq və əməkdaşlıq modelinin əhəmiyyətini xüsusi qeyd etdi.