"Şahənşah" restoranındakı zəhərlənmə ilə bağlı rəsmi açıqlama
18.11.2019
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda restoranda baş vermiş zəhərlənmə ilə bağlı açıqlama verib.
AQTA-dan Trend-ə bildirilib ki, hadisə ilə bağlı quruma heç bir müraciət daxil olmayıb:
"Ancaq mediada yer almış məlumatın reallığa uyğun olub-olmamasını aydınlaşdırmaq üçün araşdırma aparılır".
Xatırladaq ki, noyabr ayının 13-də Bakıda "Şahənşah" restoranında kütləvi zəhərlənmə qeydə alınıb. Məclis sahibi Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib.
İlk zəhərlənənlərdən biri isə bəyin dayısı oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxlinskaya adına xəstəxanaya aparılıblar. Oğlanın mədəsi yuyulub, yoldaşında isə zəhərlənmə qanına keçdiyinə görə, hələ də ev şəraitində müalicə alır.