“Şimal axını-2” qaz borusunun İNŞASI BAŞLAYIB
03.05.2018
Almaniyanın Lubmin şəhərində "Şimal axını-2” qaz borusunun sahilə çıxarılacağı ərazidə tikinti meydançasının hazırlanmasına başlanılıb.
"Dövran Media"nın xəbərinə görə, bu barədə "RİA Novosti”yə layihənin operatoru olan "Nord Stream 2 AG” şirkətindən bildirilib.
Məlumata görə, qeyd olunan proses borunun sahilə çıxacağı ərazinin təmizlənərək montaj işlərinə hazırlıq tədbirlərinin görülməsini və inzibati tikililərin inşasının başa çatdırılmasını nəzərdə tutur.
Şirkət nümayəndəsinin sözlərinə görə, tikinti işləri razılaşmalara uyğun şəkildə həyata keçirilir.
Qeyd edək ki, "Şimal axını-2” qaz borusu layihəsi ümumi gücü 55 mlrd. kubmetr olacaq iki boru xəttinin inşasını nəzərdə tutur. Borular Rusiyadan Almaniyadək Baltik dənizinin dibi ilə hazırkı "Şimal axını” boru xətti ilə yanaşı çəkilir.
Rusiyanın "Qazprom” şirkəti "Nord Stream 2 AG”-ın yeganə səhmdarıdır. Layihəyə sərmayələrin yarısı "Shell”, "OMV”, "Engie”, "Uniper” və "Wintershall” şirkətləri (hərəsi 950 mln. dollar) tərəfindən yatırılır. Xərclərin 50 faizini isə (4,75 mlrd. avro) "Qazprom” öz üzərinə götürüb.
Layihənin ümumi dəyəri 9,5 mlrd. avro təşkil edir.