Almaniya azərbaycanlı ilə bağlı qərarı ləğv etdi
18.11.2019
Almaniyanın Passau Federal Məhkəməsi 12 yaşlı Azərbaycan vətəndaşı Z.M. ilə bağlı deportasiya qərarını ləğv edib.
Report-un məlumatına görə, məhkəmə 9 il əvvəl, 3 yaşı olarkən ailəsi ilə birlikdə Azərbaycandan Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən Z. adlı qız barəsində əvvəlki deportasiya qərarını ləğv edib.
12 yaşlı məktəblinin ailəsi ilə birlikdə alman cəmiyyətinə yaxşı inteqrasiya olması, Hautsenberqdə oxuduğu məktəbdə nəticələrinin yüksək olmasını nəzərə alan məhkəmə, "qaçqın statusu” almaları üçün qərarı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) göndərib.
BAMF-ın yaxın günlərdə 12 yaşlı azərbaycanlı və ailəsi barədə qərarını açıqlayacağı gözlənilir. Qərarın müsbət olacağı, yəni azərbaycanlı ailənin Almaniyada qalacağı istisna edilmir. Çünki Almaniyada "qaçqın işləri” ilə bağlı məhkəmələrin verdiyi müsbət qərarlar (deportasiyanın ləğvi və s.) çox vaxt sığınacaq üçün müraciət edənlərin ölkədə qalması ilə nəticələnir.
Məlumat üçün bildirək ki, 2018-ci ildə Almaniyada Z. və ailəsini deportasiya etməyə cəhd ediblər. Milad ərəfəsində Almaniya polisi Z.-ni, onun valideynlərini və üç kiçik qardaşını Kellberqdəki mənzillərindən götürərək, Azərbaycana deportasiya üçün aparıblar. Lakin o vaxt azərbaycanlı ailəni vətəninə yola salmaq mümkün olmayıb, polis təyyarəyə gecikib.
Bu hadisədən sonra Hautsenberq şəhərindəki idman məktəbinin şagirdləri ailəsi ilə Almaniyada yaşayan azərbaycanlı Z.-nin deportasiya olunmasına qarşı etiraz aksiyası təşkil ediblər.
O vaxt Z. və ailəsi ilə bağlı deportasiya qərarının ləğv edilməsi ilə bağlı Almaniyada fəaliyyət göstərən və əsasən kilsəyə bağlı olan "Caritas”, "Diakonie” kimi qeyri-hökumət təşkilatları bəyantla çıxış etmişdilər.