Azərbaycanlı milyarder sərgi keçirir
14.11.2019
Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov bu ölkədə ilk dəfə "Sports Vorld 2020” idman sərgisi təşkil edəcək.
Bu barədə Report-a sərginin direktoru Andrey Simonov məlumat verib.
Onun sözlərinə görə, tədbir 14 - 16 may 2020-ci ildə Rusiya İdman Nazirliyinin və Rusiya Olimpiya Komitəsinin dəstəyi ilə A.Ağalarovun sahibi olduğu "Crocus Group” Şirkətlər Qrupunun nəzdindəki "Krokus Ekspo”da baş tutacaq.
Dünyanın müxtəlif ölkələrinin 300-dən çox şirkətinin qatılacağı sərginin əsas mövzuları qlobal tendensiyalar və idmanda müasir texnologiyalar olacaq. Sərgi çərçivəsində böyük peşəkar konfrans keçiriləcək. Bu biznes-forumda idman federasiyalarının, müxtəlif qurumların və iri şirkətlərin rəhbərləri, Rusiya, Avropa, ABŞ və Çindən olan mütəxəssislər, eləcə də media nümayəndələri iştirak edəcəklər.
"Sports Vorld 2020”də idman həvəskarları üçün turnirlər, master-klasslar, idman ulduzlarının avtoqraf seansları və konsert təşkil olunacaq. Sərgiyə giriş pulsuz olacaq. 13 kvadrat kilometr əraziyə malik "Crokus Ekspo” 10 min nəfəri qəbul etməyə hazırdır.
Qeyd edək ki, 2020-ci ildə Moskva-1980 Yay Olimpiya Oyunlarının 40 illik yubileyi qeyd olunacaq. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq tapşırıqlarını verib. "Sports Vorld 2020” də məhz əlamətdar hadisənin ildönümü tədbirləri çərçivəsində gerçəkləşəcək.