Barlas: "Yerevanda nasistlərə heykəl qoyurlar və ... "
11.11.2019
Ermənistan hakimiyyəti dövlət siyasətinin sülh və təhlükəslizliyin dəstəklənməsinə yönəldiyi barədə mifi yaymaqda davam edir, amma əslində biz bunun tam əksini müşahidə edirik.
Bunu Trend-ə Özbəkistan yazıçısı, publisist və ictimai xadim Şuhrat Barlas deyib.
O bildirib ki, Ermənistan hakimiyyətinin apardığı yalan siyasətinin sadə sübutu var:
"Məşhur nasist Njdeyə Yerevanın mərkəzində ucaldılmış abidə, onun şəxsiyyətini təsdiq edən fakt və sənədlərə baxmayaraq, hələ də sökülməyib. Özü də məhz Ermənistan bu cür faktlara aidiyyəti olan beynəlxalq sənədlərə əhəmiyyət vermir. BMT Baş Assambleyasının qəbul etdiyi nasizm və neonasizmin qəhrəmanlaşdırılmasına qarşı və onların nəticələrinin aradan qaldırılması ilə bağlı qətnaməsi bunun təsdiqidir. Bu vacib sənəd Ermənistanda faşizmin təbliğatının dövlət siyasəti səviyyəsinə qaldırılmasına qarşı vasitə kimi istifadə oluna bilər".
Ş.Barlas bildirib ki, Yerevanda faşizmin əlaltılarına heykəllər qoyulması ölkənin imicini şübhə altına alır:
"Faşist cəlladı Ter-Arutyunyanın Ermənistanda qəhrəmanlaşdırılmasını necə izah etmək olar? Ermənistanda onun adına meydanların, küçələrin olmasını, Yerevanın mərkəzində 6 metr hündürlükdə heykəlinin ucaldılmasını nə ilə əsaslandırmaq olar? Bu, həmin adamdır ki, "Almaniya üçün ölən, Ermənistan üçün də ölür" şüarını səsləndirib".
Özbək yazıçı bildirib ki, hazırkı şəraitdə MDB məkanında bütün ölkələrin Böyük Vətən müharibəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səy göstərməsi zərurəti var:
"Ermənistan hökumətinin faşizmi pisləyən beynəlxalq qətnamələri diqqətə almaması və nasizmin əlaltılarını dəstəkləməkdə davam etməsi dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamalıdır".
Onun sözlərinə görə, əgər faşizm tarixi və ideologiyası ilə Ermənistan hakimiyyətinin siyasətini müqayisə etsək, çoxlu oxşar cəhətlər tapmaq olar:
"Məsələ ondadır ki, Ermənistanın keçmiş və indiki hakimiyyətlərinin siyasəti hər zaman insanlığa, bəşəriyyətə və humanizm ideyalarına qarşı yönəlib və bu da faşizm ideologiyası ilə üst-üstə düşür. Ona görə də tamamilə aydındır ki, Hitler Almaniyası üçün vuruşmuş cinayətkar və faşistə Yerevanda heykəl qoyulması hökuməti qətiyyən narahat etmir. Əksinə, onlar bu fakta bəraət qazandırmağa və onu milli qəhrəman səviyyəsinə ucaltmağa çalışırlar. Amma bu ölkənin hakimiyyəti başa düşməlidir ki, bu cür ideologiya ilə Ermənistanı tam siyasi və iqtisadi iflasa, dövlətçiliyin itirilməsinə doğru aparır".