Bizimkilər Gürcüstanda 1200 mülk alıb
04.11.2019
Gürcüstanda 2015-2018-ci illərdə 1 192 daşınmaz əmlak Azərbaycan vətəndaşlarının adına qeydiyyata alınıb.
Bu barədə Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının 2019-cu il üzrə "Miqrasiya profili” hesabatında bildirilib.
Son dörd ildə əcnəbilərin Gürcüstanda aldığı daşınmaz əmlakın 40%-i Rusiya vətəndaşlarının mülkiyyətindədir. Rusiyalılara məxsus daşınmaz əmlakların sayı 15 133 təşkil edib.
Qonşu ölkədə Türkiyə vətəndaşları 1 226, Ermənistan vətəndaşları 1 447, İran vətəndaşları 5 598, Ukrayna vətəndaşları 2 599, İsrail vətəndaşları 1 634, ABŞ vətəndaşları 1 182, digər ölkə vətəndaşları isə 7 855 daşınmaz əmlaka sahibdirlər.
2018-ci ildə əcnəbilər Gürcüstanda, ümumilikdə, 12 559 daşınmaz əmlak alıblar ki, bunların da 11 038-i mənzil, 1 332-si qeyri-kənd təsərrüfatı torpağı, 189-u isə kənd təsərrüfatı torpağıdır.
Sənəddə qeyd olunub ki, son dörd il ərzində Gürcüstanda daşınmaz əmlak alan xarici vətəndaşların sayı artıb. Əcnəbilər qonşu ölkədə ən çox mənzilə sahib olmağa üstünlük verirlər. 2018-ci ildə Gürcüstanda yaşayış yeri alan xarici ölkə vətəndaşların sayı illik müqayisədə, təxminən, iki dəfə artıb.
Əcnəbilərin əldə etdiyi kənd təsərrüfatı torpaqlarının sayında isə kəskin azalma qeydə alınıb. Xaricilərin ötən il Gürcüstanda aldığı bu daşınmaz əmlak növünün sayı illik müqayisədə 10 dəfədən çox azalıb. Buna səbəb Gürcüstanda kənd təsərrüfatına yararlı torpaqların xarici ölkə vətəndaşlarının mülkiyyətinə verilməsinin qanunla qadağan edilməsidir.