Mirzə Cəlilin nəticəsi: Bəli, bu görüş baş tutdu - FOTO
04.11.2019
Evdə Cəlil Məmmədquluzadə haqda danışmazdıq. Çünki...
Bu sözləri Publika.az-a özəl müsahibəsində Azərbaycan ədəbiyyatına zəngin bədii irs miras qoyan, Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərən Molla Nəsrəddin" jurnalının qurucusu Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri bildirib. Martin həmçinin ulu babasının oğlu Əhmədin də taleyi haqda məlumat verib.
-1970-ci ildə Polşanın Lodz şəhərində doğulmuşam. Cəlil bəyin Ənvər adlı oğlundan olan nəvəsi Medhat atam, polyak əsilli Elizabet Şimanyak isə anamdır.
- Valideynləriniz harada tanış olmuşdular?
- Atam Polşada təhsil alanda baş tutub tanışlıqları. 1972-ci ildə isə İrana geri döndük. Cəlil bəyin oğlu Ənvərin Tehrandakı evinin yanında kiçik bir mənzildə məskunlaşdıq. 1981-ci ildə mənim 11 yaşım olanda kiçik qardaşım Ramin doğuldu. O, dünyaya gələndə babam Ənvər və nənəm Zofiya Baxrinovskiy artıq dünyadan köçmüşdülər.
- Onları necə xatırlayırsınız?
- Təbii ki, onlar vəfat edəndə, yaşım çox az idi, amma dumanlı xatirimdədirlər.
- Bəs İran?
- Təbiəti gözəl idi, ömrümün ilk illərini orada keçirdim. Təbii ki, xüsusi doğmalıq duyduğum ölkədir. İranla İraq arasında müharibə başlayırdı. Vəziyyət gərginləşmişdi. Anam məni və qardaşımı götürüb Polşaya - öz vətəninə geri döndü. Krakov şəhərində məşkunlaşdıq. Məktəbi də orada bitirib yenidən Lodza qayıtdım. 1989-cu ildə Lodz Politexnik Universitetinin memarlıq və inşaat fakültəsinə qəbul olundum. Universiteti bitirəndən bu günə qədər böyük bir şirkətdə mühəndis kimi çalışıram.
- Xanımınız da polşalıdır?
- Bəli. 1994-cü ildə Marqaret adlı xanımla ailə qurmuşam. İki övladımız var. 1996-cı ildə oğlumuz Pşemslav, 2003-cü ildə isə qızımız Maqdalena dünyaya gəldilər. Atam dünyasını dəyişib, Anam Elizabet bizimlə birgə yaşayır.
- Mirzə Cəlil Azərbaycan xalqının çox sevdiyi mütəfəkkirlərindən, maarifçilərindən olub. Əminəm ki, oxucularımız Cəlil bəyin ilk dəfə Azərbaycan mediasına müsahibə verən vərəsələrinin həyatı, yaşayışı ilə maraqlanır...
- Sadə polyak ailəsiyik. Bütün maddi ehtiyaclarımızı qarşılayırıq. Amma həyatımız dəbdəbəli deyil. İlk vətənimi Polşa sayıram. Çünki burada doğulub böyümüşəm. Həyatımın böyük hissəsi Polşada keçib. Ailəm, doğmalarım, dostlarım da bu ölkədə yaşayırlar.
- Bəs valideynləriniz ulu babanız haqda sizə danışmayıblar?
- Evdə ulu babam haqda çox danışmazdıq. Nəzərinizə çatdırım ki, mən anadan olanda o, artıq 40 il idi ki, dünyadan köçmüşdü. Doğrudur, həyat və yaradıcılığından məlumatlıyam. Azərbaycan xalqının maariflənməsində, ədəbi və mədəni mühitin formalaşmasında göstərdiyi böyük təşəbbüs mənə bəllidir. Lakin təəssüf ki, heç bir əsərini oxumamışam. Çox istərdim ki, Cəlil bababın əsərləri polyak dilinə da tərcümə edilsin. Amma bir məqamdan da əminəm ki, uzun illər sonra həmin hekayələrin, romanların dövründəki aktuallığını, anlamını dərk etmək çətin olacaq. Çünki babamın yaşayıb-yaratdığı dövrdə Qafqaz regionundakı siyasi şərait indikindən tam fərqli idi. Ümumiyyətlə, tarixi əsərlərlə çox maraqlanıram. Savaş ədəbiyyatını saatlarla oxuya bilərəm. Bu məlumatım da bilgimdən qaynaqlanır.
- Bildiyimə görə, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Polşaya səfər edərək ailənizlə görüşüblər.
- Bəli, bu görüş baş tutdu. Bilirsiniz, Azərbaycanı çox sevirəm, amma hələ ki, səfər etməmişəm. Çox gözəl ölkədir. Dağlıq əraziləri, meşələri, insanları, adət-ənənələri, paytaxt Bakının gözəlliyi məni cəlb edir. Tezliklə mütləq görüşmək ümidi ilə...