21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hüseyn Kərimdən yeni HEKAYƏ

30.10.2019

                       KİRŞAN ... ( hekayə)

- O incəsənət universitetinin ikinci kursunu başa vururdu. İmtahanlar bitmək üzrə idi. Bu ərəfədə universitet rəhbərliyi tərəfindən qocaman, artıq təqaüddə olan aktyor və aktrisalarla tələbələrin görüşləri təşkil edilmişdi.
Bu gənc nəsil üçün həm mənəvi, həm də təcrübə baxımından əhəmiyyət kəsb edirdi. Akt zalında keçirilən görüşlərdə böyük səhnənin dahilərinin maraqlı və unudulmaz xatirələri hər bir tələbə də olduğu kimi onun da yaddaşına həkk olunurdu. Çünki onlar canlı əfsanələrlə təmasda olmaq imkanına sahib olmuşdular. Görüşlərin birində onun diqqətini yaşı yetmişi keçmiş bir xanım aktrisa cəlb etmişdi. O xatirələrini tələbələrlə bölüşən aktrisanın üzündə, qəribə bir məsumluq, nigarançılıq və təəssüf hissini sezmişdi. Görüş bitdikdən sonra o aktrisaya yaxınlaşıb özünü təqdim etdi. Aktrisanın üzündəki qırışlara rəğmən, sezilən iti baxışları, şux duruşu onu əfsunlamışdı. Lakin o aktrisanın daxili sarsıntıları və əzabları haqda məlumatsız idi. Tanışlıqdan hər iki tərəfin məmnunluğu onunla bitdi ki, aktrisa onu evinə dəvət etdi. Şəhərin köhnə məhəllələrində, dar dalanların birinə daxil olub bir az addımlayandan sonra rəngi tökülmüş taxta qapının qıfılını açan aktrisa qonağını içəri dəvət etdi. Mənzilə giriş dəhlizdən başlayırdı. Dəhlizin sağ tərəfində kiçik mətbəx və hamam, sol tərəfində isə pəncərəsi dalana baxan bir otaq yerləşirdi. Divar kağızının rənginin solması, taxta döşəmənin oynaması və tavanın əhənginin bəzi yerlərdə tökülməsi evin uzun müddətdən bərı təmirə ehtiyacı olduğuna işarə edirdi. Otağın ortasına retro üslublu, ətrafına üç stul düzülmüş dairəvi masa qoyulmuşdu. Bir tərəfdə köhnə divan, digər səmtdə qapısı açıq qalmış şkaf, ondan bir az aralıda isə dörd ayağı üstə duran kiçik ağ-qara ekranlı televizor yerləşirdi. Masanın üstünə tünd qırmızı rəngdə qədimi məxməri süfrə salınmışdı. Divar boyu sənət dahilərinin yazıçıların, şairlərin, bəstəkarların, rəssamların, aktyorların, rəqqas, ifaçı və musiqiçilərin səkilləri asılmışdı.Bu otaq onu olmadığı, görmədiyi və duymadığı keçmişə səyahət etməyə dəvət edirdi. Şəkillərdən zillənən baxışlar bu insanların hər birinin fərdi xarakterə və dəsti-xəttə malik olmasından xəbər verirdi. Fərqli baxışlar, fərqli talelər, fərqli insanlar... Lakin onları birləşdirən bir amal və meyar vardı. Sənətə hədsiz sevgi və bağlılıq. Birdə bu mənzilin sahibəsi. Onlar əsl sənət fədailəri olduqları kimi, həm də əsl sənət dostları idilər. Təəssüf indi belələri çox azdır…
-Əyləşin sizə çay gətirim, -aktrisanın təklifi onun fikrini bayaqdan diqqətlə izlədiyi şəkillərdən ayırıb reallığa caladı. -Hələ şəkillərin çoxu arxivimdədir. Neynim daha divardan asmağa yer qalmayıb, -deyə mətbəxdən təəssüf hissi ilə səsləndi. Çayı fincanda gətirən ev sahibəsi yanına kəllə qənd qoymuşdu. -Buyurun için, deyə ona müraciət edən aktrisa sözünə davam etdi. -Əvvəllər bu evə sənət dostlarım çox tez-tez gələrdilər. Sənət haqda qızğın müzakirələr və mübahisalər aparardıq. Gələnlərin hamısı sənət fədailəri idilər. Eıə vaxt olub ki. zamanın necə keçdiyini belə hiss etməmişik. Bir də görmüşük səhər açılıb. Biz o dövrün sənət adamları mənəviyyatı hər şeydən üstün tutmuşuq.Təbii, ortada yeyib qırağda gəzənlərdə az deyildi. Lakin onlar bizim aləmin parçası deyildilər. Onların öz yamağ aləmi vardı.Təəssüf ki, məhz belələri hansısa yolla "zirvələri" fəth edib dövlət mükafatlarına "layiq" görülürdülər. Utanmadan, qızarmadan kiminsə haqqını yeyərək heçnə olmamış kimi özlərini xalqa sırıyırdılar. Elələrindən indi də var. Harda oldu kiməsə yarınmaq üçün açıb "sinə dəftərin" başlayır məddahlığa. Vəziyyət o yerə çatıb ki, bunlar hətta yaltağlığıda gözdən salıblar. Bu sözü deyib ürəkdən güldü. Aktrisanın ürəyi dolu idi. Onu qınamaq olmazdı, çünki ömrünün əlli ilini səhnəyə həsr etmiş sənət fədaisi bu cür acınacaqlı və çətin həyat şəraitinə layiq deyildi. Aktrisanı haqqını tələb etməməkdə məzəmmət etmək olardı. Ancaq onun halına yanmayanların günahı min qat artıq idi. Qəribə sürprizləri var bu həyatın. Kimi taca sahib olur, kimi zindana...
Vaxtın necə ötdüyü ona təəccüblü gəlmədi. O həqiqətən aktrisanın söhbətindən təsirlənmişdi. Bu söhbət onun sənətlə bağlı arzuladığı xəyalların üzərindən pərdəni çəkmiş və bütün çılpaqlığıyla reallığı göstərmişdi. Vidalaşanda aktrisa ona keçmişdə istifadə olunan bir kirşan qutusunu xatirə olaraq təqdim etdi. Bu həm sənət, həm də tarixi baxımdan çox dəyərli bir hədiyyə idi. Yol boyu aktrisanın həyatını yada saldıqca özünü onun yerinə qoymaq istəyirdi lakin o heç cür bu həyatı həzm edə bilmirdi. Düşünürdü ki, bəlkə onun bəxti belə gətirib. Axı bu həyat hamı üçün yaxşı ola bilməz. Lakin digər tərəfdən aktrisanın səhnədə ki, zəhmətinin qimətləndirilməməsi, onu yaman sıxırdı. Həmin gecəni gözünə yuxu getmədi. Lampanı yandırıb aktrisanın bağışladığı kirşan qutusunu götürüb ona diqqətlə baxdı. Sənət dahiləri bu kirşanla neçə-neçə obrazlar yaradıblar. İndi bu kirşan onlarla bir əlaqə körpüsü idi. Sanki ruhlarını bu kirşandan hiss edirdi. Bu onun aktrisa ilə ilk və son görüşü oldu...
Universiteti bitirdikdən sonra onu təyinatla rayon teatrlarından birinə göndərdilər. Təbii ilk günlər həm çətin, həm də maraqlı keçirdi. Lakin vaxt ötdükcə bu həyat tərzi öz axarına düşdü. Üç il həmin teatrda işlədikdən sonra min cür xahiş-minnətlə şəhərə qayıtmaq ona nəsib oldu. Nəhayət ki, çoxdanki arzusu gerçəkləşirdi. O ölkənin ən seçilən teatrlarınından birinin aktrisası olacaq və böyük səhnədə çıxış edəcəkdi. Söz var deyirlər "sən saydığını say gör fələk nə sayır”. Elə ilk gündən həm rəhbərlik, həm də həmkarları tərəfindən özünə qarşı bir yadlıq hiss etdi. Həmkarlarının soyuq münasibəti onların yerini dar etməsi ilə əlaqədar idisə, rəhbərliyin iradları dünya görüşü və təcrübəsinin az olması ilə əsaslandırılırdı. Yəni hələ xəmiri yoğrulmallydı, bişməliydi...
Hər dəfə maneələrlə rastlaşdıqda yaşlı aktrisanın acı həyatı bir anlığa onun gözünün önünə gəlirdi. Və hər dəfə onu qəhər boğurdu. Sanki bu anlarda tərkidünya olmaq istəyirdi. Lakin sənətə olan hədsiz sevgi və bağlılığ onu daim təqib edirdi. O bu cazibənin təsiri altında idi. Əlbəttə bu cətin və şərəfli yolu seçəndə, onu təqdir edənlərlə yanaşı, qınayanlarda vardı. Lakin o öz ürəyinin səsinə və ruhunun zövqünə arxalandı...
Artıq bir il idi ki, bu sənət məbədində işə düzəlmişdi. Bu bir ildə ona iki kiçik rol vermişdilər ki, onlardan da biri sözsüz idi.Təbii bunu özünə qarşı haqsızlıq sayırdı. Amma yenə də canını dişinə tutub dözürdü ki, bəlkə hər şey qaydasına düşər. Onun ürəyindən keçənləri heç kəs duymurdu. O da hər şeyi dilinə gətirməyi özünə sığışdırmırdı. Bəlkə bu qürurla bağlıydı, bəlkə də onun taleyinə aktrisanın yaşaşığı çətin ömürdən dadmaq nəsib olacaqdı...
Bütün bunları düşündükcə, yaşadıqca o qanaqları qırılmış və ruhdan düşmüş bir quş təsiri bağışlayırdı. Əlbəttə belə hallarda xarakterindəki möhkəm iradə, özünü toparlamaq, güclü və qətiyyətli olmaq xüsusiytətləri onu depresiyaya düşməkdən xilas edirdi. O öz sənətinin vurğunuydu . Gecə-gündüz , ac-susuz, şaxtada və istidə yorulmadan və böyük şövq iləsənətə xidmət etməyi özünün ən ümdə vəzifəsi və borcu sayırdı. Onu sevdiyindən ancaq ölüm ayıra bilərdi. Bir çoxları kimi onunda arzusu dünyasını səhnədə dəyişmək idi...
Lakin onu səhnədən öz ölümü deyil, yaşlı aktrisanın faciəli surətdə qəfil ölüm xəbəri ayırdı. Sənət dostları , onu sevənlər və tamaşaçıları bu xəbərdən sarsılmışdılar. Köhnə təmirsiz evində elektrik naqillərində qısaqapanmadan baş verən yanğının qarşısını almaq mümkün olmamışdı. Aktrisanın yanmış cəsədini xarabalıqların içindən çıxaranda ətrafdakıları heyrət bürümüşdü...
Çünki yanğından qaralmış cəsədin üzü ağ rəngdə idi...
Möcüzə idi...
Bütün şəhər bu əhvalatı müzakırə edirdi, təkcə ondan başqa. O bu hadisənin arxasında hansısa gözəgörünməz qüvvənin durduğunu anlayırdı...
Dəfn mərasimində çıxlş edən rəsmilər, aktrisanın sənət nailiyyətlərindən ağız dolusu danışmaqda bir birini ötürdülər. Lakin deyilən bu sözlər onun məzarına qoyulan əklillər kimi müvəqqəti idi... Hamı dağılışandan sonra o cibindən kirşan qutusunu çıxarıb aktrisanın məzarı üstünə qoyub hönkür-hönkür ağladı,..
Ertəsi gün isə teatrın məlumat lövhəsində onun öz xahişi ilə işdən azad olunması haqda ərizəsi asılmışdı...

Müəllif: Hüseyn KƏRİM