10 ilə dünya nizamı dəyişəcək - Dalio
29.10.2019
Yaxın 10 il ərzində dünyada texnologiyaların inkişafının iqtisadiyyata təsiri müxtəlif qarşıdurmalara, hətta inqilablara gətirib-çıxara bilər.
Report xəbər verir ki, bunu Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilən "Future Investment Initiative” ("Gələcək yatırım təşəbbüsləri") adlı forumda dünyanın ən böyük risk fondlarından biri olan "Bridgewater Associates”in təsisçisi və rəhbəri Ray Dalio deyib.
O, yaxın 10 ildə dünyada inkişafa əsaslı təsir edə biləcək amilləri sadalayıb: "Süni intellekt kimi texnologiyaların inkişafı qlobal iqtisadiyyatın məhsuldarlığını artırmaqla yanaşı, insanların rifah halındakı fərqləri də artıracaq, iş yerlərinin qıtlığına səbəb olacaq. Bundan başqa, ölkələr daxilində iqtisadi və ideoloji ziddiyyətlər artacaq. Belə ki, cəmiyyətdəki təbəqələşmənin, ideoloji mövqelərdəki fərqlərin artması kapitalizm və sosializm tərəfdarları arasında qarşıdurmaya gətirib-çıxarır. Fikrimcə, daxili qarşıdurmalar növbəti 10 ildə dünya nizamını dəyişdirəcək. Bu qarşıdurmalar artıq baş verən inqilabların bir şəklidir. Bütün bunlar iqtisadiyyatda, toplumdakı vəziyyətə çox böyük təsir edəcək”.
İş adamının fikrincə, dünyanın yaxın gələcəyinə təsir edən amillər olaraq pul siyasətlərinin səmərəsizliyi, iqlim dəyişikliyi bağlı risklər ola bilər: "Bunların məcmusu çox qorxulu mənzərə yaradır”.
R.Dalionun fikirlərini "Blackstone” fondunun təsisçisi və rəhbəri Steven Şvarzman və "Goldman Sachs” bankının prezidenti Con Uoldron da dəstəkləyiblər. Belə ki, S.Şvarzman bu barədə deyib: "Rayla razılaşmamaq düzgün olmazdı, az qala həmişə doğru şeylər söyləyir. Süni intellekt cəmiyyətə bir çox müsbət həllər gətirməklə yanaşı məşğulluq problemi də yaradacaq”.
"Faiz dərəcələrinin azalmasının səmərə verdiyi dövr başa çatdı, bu cür dünyada maliyyə təsisatını necə idarə edəcəyimiz müəmmalıdır”, - S.Şvarzman fikrini bildirib.
"İnsanlar ətrafdakı dəyişikliklərlə ayaqlaşmaqda getdikcə daha çox çətinlik çəkirlər. Mənim fikrimcə, yaxın 5 il ərzində bazarda köklü dəyişikliklər baş verəcək”, - deyən HSBC investisiya bankının rəhbəri Noel Kuinn "kimsə təkbaşına bu vəziyyəti dəyişdirə bilər” deyə səhv fikirlərə qapılmamağa çağırıb.
Qeyd edək ki, "səhra Davosu” adı ilə məşhurlaşan "Future Investment Initiative” forumu Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman tərəfindən, ölkənin neftdən asılılığını azaldaraq iqtisadiyyatını inkişaf etməyi hədəfləyən "Vision 2030” planının müzakirəsi üçün 2017-ci ildə çağırılıb və illik beynəlxalq tədbirə çevrilib.