Türkiyənin yaxaladığı bu şəxs Bağdadinin sonu oldu
28.10.2019
İŞİD liderinin öldürülməsi əməliyyatında əsas fiqur Türkiyənin yaxalayıb İraqa təhvil verdiyi Bağdadinin baş müşaviri İsmayıl Ətavi olub.
Bu barədə "Röyter” İraq rəsmilərinə istinadən informasiya yayıb.
"Ətavi Bağdadinin hərəkətləri və gizləndiyi yerlər haqqında tapmacanın əskik parçalarını verərək çox dəyərli məlumatlar təqdim etdi. Ətavi bizə Bağdadinin yaxın çevrəsindəki 5 adamı ilə birlikdə Suriyada toplantı keçirdiyi yerlərdən danışdı. Bağdadi bəzən müavinləri ilə mikroavtobuslarda hərəkət edə-edə toplantılar keçirib. Diqqət çəkməmək üçün bu mikroavtobusları tərəvəz daşıyırmış kimi göstəriblər”, - agentliyə danışan İraq rəsmisi bildirib.
İraq rəsmisi həmçinin bu ilin əvvəlində Türkiyə və İraqın kəşfiyyat orqanlarının keçirdiyi birgə əməliyyat nəticəsində İŞİD-in bir çox liderinin saxlandığını və sözügedən addımın Suriyada icra edilən əməliyyat (Bağdadinin öldürülməsi) üçün kritik əhəmiyyət daşıdığını qeyd edib:
"Bizə Bağdadinin bütün toplantı nöqtələrini söylədilər və biz də bunları MKİ ilə paylaşaraq, həmin bölgələrdə daha çox casus yerləşdirməyə başladıq”.