10 milyard dollarlıq müqavilə
26.10.2019
Pentaqon 10 milyard dollarlıq müqavilənin yerinə yetirilməsi üzrə tenderdə "Microsoft” kompaniyasının qalib gəldiyini elan edib.
"The New York Times” qəzeti xəbər verir ki, tenderin nəticəsi son anadək məlum olmayıb.
Əvvəlcə tenderin favoriti "Amazon” kompaniyası sayılırdı, lakin Prezident Donald Tramp özünün "Twitter” səhifəsində korporasiyanın rəhbəri Ceff Bezosun ünvanına dəfələrlə tənqid səsləndirib. Yerli KİV-lərin məlumatına görə, Donald Tramp sərfəli müqavilənin "Amazon”dan başqa istənilən digər kompaniyaya verilməsini arzulayırdı.
ABŞ-ın yeni Müdafiə naziri Mark Esper tenderin şərtləri ilə yaxından tanış olmaq və əsas iştirakçıların imkanlarını öyrənmək üçün bir neçə ay vaxt istəmişdi. Bir qədər öncə isə Pentaqon rəhbəri oğlunun müqaviləyə iddialı kompaniyaların birində işlədiyi üçün bu işdən imtina etmişdi.
1975-ci ildə sahibkarlar Bill Qeyts və Pol Allen tərəfindən əsası qoyulan "Microsoft” kompüterdən mobil telefonlara qədər müxtəlif qurğular üçün proqram təminatı istehsalı ilə məşğul olur. Mənzil-qərargahı Vaşinqton ştatının Redmond şəhərində yerləşən korporasiyanın bazar kapitalı 800 milyard dollardan çoxdur.