21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əsl şokoladı saxtasından necə ayırd edək?

13.01.2018

Eyyub Hüseynov: "Şokoladın kağızı açılanda o, taxta kimi bərk, üzü hamar və parıldayan olmalıdır”
Şokolad elə bir qida növüdür ki, hər kəsin istehlak səbətində mütləq öz yerini alır. Ümumiyyətlə elə bir insan olmaz ki, o, şokoladı sevməsin. Artıq təsdiqlənib ki, şokolad insanın əhval-ruhiyyəsini yaxşılaşdırır, onun əmək qabiliyyətini yüksəldir. Şokoladın faydaları sadalamaqla bitmir. Ancaq bu şokoladın faydaları orqanizmimizə yalnız o zaman faydalı ola bilər ki, saxta olmasın.
Bu gün ölkəmizdə yerli istehsalla yanaşı Türkiyə və Rusiyada istehsal edilən şokoladlar da satılır. Müxtəlif qiymətə olan bu şokoladların alıcıları da kifayət qədərdir. Danılmaz faktdır ki, bu gün satışda məşhur qida brendlərinin saxtalarına da rast gəlmək mümkündür. Bu cür saxta şokoladların tərkibinə insan səhhətinə zərərli olacaq müxtəlif qatqılar, yağlar vurulur. Bu cür şokoladlar kanserogen maddələrdən ibarət olur və sağlamlığa zərər verir. Buna görə də mütəxəssislər şokolad alarkən onun üzərinin kağızına, tərkibinə diqqət etməyi tövsiyə edir. Keyfiyyətli şokoladın tərkibində yalnız təbii kakao və kakao yağı olur, hər hansı bitki və ya palma yağı deyil. Baş çəkdiyimiz marketlərdə satıcılar daha çox Rusiya və Türkiyə istehsalı olan şokoladların alındığını deyir.
"Rahat” market satıcısı Rüfət Əliyev deyir ki, daha çox Türkiyə istehsalı olan şokoladlar satılır: "Qara şokolad alanlar da var. Qara şokolad əsl şokolad hesab edilir, yəni içində süd fındıq, meyvə və digər qarışıqlar olmur. Hətta çox vaxt həkimlər də xəstələrə qara şokolad yeməyi tövsiyə edir. Satılan şokoladlar sırasında ”Alpen gold", "Nuts”, "Mars” və "Snickers” daha çox üstünlük təşkil edir. Azərbaycan istehsal edən şokoladlar da var. Onlar daha çox çəki ilə olan şokoladlardır, alıcıları da var. Ümumiyyətlə, mağazamızda meyvəli, fındıqlı, püstəli, qozlu, kremli, qəhvəli, spirtli və digər növ şokoladlar var. Ən çox satılan çeşid isə südlü və fındıqlı şokoladlardır".
Çəki ilə satılan şokoladların qiyməti isə 6 manatdan başlanır və 50 manatadək yüksəlir. Qeyd edək ki, Azərbaycanda bəzi şokolad mağazalarında Avropa istehsalı olan şokoladlar da satılır. Onların qiyməti isə təbii ki, hər kəsin cibinə uyğun olmur. Saxta şokoladları necə ayırd etməyə gəlincə isə mütəxəssislər bunun bir neçə yolu olduğunu deyirlər. Əslində şokoladın bütün sirri onun tərkibindəki kakao yağındadır. Əsl kakao çəyirdəklərindən hazırlanan şokolad faydalı vitaminlər, alkaloidlər, antioksidantlar, antidepressant maddələr olan poligenol olur. Buna görə də şokoladın içərisində kakao nə qədər çox olarsa, bir o qədər faydalı olar. Saxta şokoladların tərkibində kakao dəyəri olmur və ya kakao yerinə bitki yağlarından istifadə edilir. Saxta şokoladı dadından da bilmək mümkündür. Belə ki, saxta şokoladı yedikdə ağzımızda sanki yağ tamı olduğu halda, əsl şokolad sırf kakao qoxusu və tamını verir. Düzdür, bəzi ölkələrdə şokolad istehsalı üçün qanuni olaraq 5 faizə yaxın bitki yağından istifadə olunur. Ancaq şokolad istehsalında ənənəsinə sadiq qalan Belçika və İsveçrə yalnız kakao yağı istifadə edir. Buna görə də bu ölkələrə məxsus şokoladları dadsanız dərhal fərqliliyi hiss edə bilərsiniz. Əsl şokolad 31 dərəcə istidə əriməyə başladığı halda saxta şokolad əriməz. Əsl şokolad qırıldığında, özünə xas bir səs çıxarır, saxta şokolad isə tərkibində olan bitki yağlarına görə səssizcə qırılır. Əsl şokoladın səthi hamar və parlaq olur. Vaxtı keçmiş əsl şokoladın üzərində ağ səth yaranır. Sata şokoladların isə vaxtı bitsə belə, görünüşünü dəyişməz. Şokolad özünə xas kakao qoxusuna sahib olmalıdır. Əgər şokolad alıb qoxladığınız zaman burnunuza kakao yerinə başqa qoxular gəlirsə, o zaman aldığınız şokolad saxta ola bilər. Şokolad alarkən onun tərkibində neçə faiz kakao olduğuna diqqət edin: ağ şokoladda 20 faiz, südlü şokoladda 25 faiz, qara şokoladda isə 40-55 faiz arası kakao yağı olur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, şokoladın etiketində mütləq onun mənşəyi və tərkibi yazılmalıdır: "Şokolad müəyyən standartlara uyğun hazırlanır. Əksər hallarda bazarı qorunmayan ölkələrə əlbəttə ki, standartlara uyğun olmayan mallar göndərilir. Azərbaycan da belə ölkələrdəndir. Təsadüfi deyil ki, keçən ilin 17 fevralında ölkə prezidentinin sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Həmin agentliyin əsasnaməsi artıq təsdiq olunub. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələləri həll edəcək. Şokoladın kağızı açılanda o, taxta kimi bərk, üzü hamar və parıldayan olmalıdır. Əslində şokolad kakos və digər yağların qarışığından əmələ gəlir. İstisna olunmur ki, arzuolunmaz yağlar da qarışdırılsın. Ümumiyyətlə, şokoladlara vurulduğu iddia edilən palma yağının iki növü var. Palmanın tumundan, toxumundan alınmış yağ və gövdəsindən alınmış yağ. Onun tumundan alınmış yağ kifayət qədər yaxşı bitki yağı hesab olunur və bu, Azərbaycana da gətirilir. Lakin gövdəsindən alınmış yağ yaxşı yağ hesab edilmir və istisna olunmur ki, o, şokolad istehsalında da istifadə olunsun. Şokoladın etiketində onun tərkibinə vurulan yağın mənşəyi yazılmalıdır. Lakin qeyd etdiyim kimi, Azərbaycanın əmtəə bazarı kifayət qədər qorunmur və arzuolunmaz qarışıqlardan əmələ gələn şokoladların ölkəmizdə satılması istisna olunmur”. /müsavat/