SDQ lideri Trampa yalvardığını etiraf etdi
22.10.2019
Ankaraya qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsini irəli sürən demokrat senator Kris Van Hollen və respublikaçı senator Lindsi Qrehem Suriya Demokratik Qüvvələrinin həmsədri İlham Əhmədlə Vaşinqtonda görüş keçirib.
Bu barədə Hollen Tvitter hesabında yazıb.
İlham Əhmədi "Suriya kürdlərinin ən yüksək səviyyəli siyasi təmsilçisi” adlandıran Hollen görüşdən sonra Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı narahatlıqlarının daha da artdığını qeyd edib:
"Konqres dərhal kifayət qədər ABŞ əsgərinin Suriyada qalmasını davam etdirmək, hava dəstəyini təmin etmək və Türkiyəyə qarşı sanksiya tətbiq etmək üçün toplanmalıdır. Qətliamı dayandırmalıyıq. İŞİD-in yenidən ortaya çıxmasının qarşısı alınmalıdır”.
İlham Əhməd isə söhbət əsnasında iki həftə bundan əvvəl qərarından dönməyə razı salmaq üçün ABŞ Prezidenti Donald Trampa zəng etdiyini bildirib.
Görüşün bir digər iştirakçısı Lindsi Qrehem isə Türkiyənin "Sülh çeşməsi” əməliyyatını işğal adlandırıb:
"Hər kəsdən çox Türkiyəni günahlandırıram. Türkiyənin işğalı xilafətin (İŞİD nəzərdə tutulur – red.) məğlubiyyətini riskə atdı”.