Onları unutmayaq - Xəlil Rza Ulutürk
21.10.2019
Xəlil Rza Ulutürk 1932-ci il 21 oktyabr Neftçala rayonu Pirəbbə kəndində anadan olmusdur.
2 saylı şəhər orta məktəbində təhsil almışdır. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olmuşdur. İlk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində işıq üzü görmüşdür. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, Azərbaycan Yazıçılar İttifaqında xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər günü" məşğələlərində fəal iştirak etmişdir.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlamışdır. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu – "Bahar gəlir" (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza Institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olmuşdur. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, fılologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Onu institutda müəllim kimi saxlamışlar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.
Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, "danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı". Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin safhğını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınımr, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. "Bilik" cəmiyyəti yolu ilə Azərbaycan rayonlarına göndərilməsi qadağan olunur. Şair Sabir Rüstəmxanlı yazır:
"Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər".
Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutundan uzaqlaşdırılır. Onu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Azərbaycan-Özbək ədəbi əlaqələri, Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında monoqrafık əsərlər üzərində çalışır. Buna baxmayaraq, Xəlil Rza yenə də "şübhəli şəxs" kimi təqib olunur, onun imkanlarını məhdudlaşdırır, "təhlükəli ictimai mübarizə" yolundan çəkindirməyə çalışırlar.Xəlil Rza Ulutürkün atası Rza Ulutürkdür.
Xəlil Rza 1950-ci illərdə "Xəlil Xəlilov" imzası ilə xeyli sayda Sovet dövrünü tərənnüm edən poemalar yazıb.
1984-cü ildə şairin "Ömürdən uzun gecələr" adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət "Qardaşlıq çələngi" toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılandı. Bu soyuq münasibət onu sarsıtmadı. Şairin ən böyük vəzifəsini yazıb yaratmaqda görən Xəlil Rza yorulmadan var qüvvəsi ilə çalışır; yeni şerləri, elmi araşdırmaları ilə təsəlli tapır. 1985-ci ildə "Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilir.
1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.
Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan -
Ermənisiz Azərbaycan!
Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırım siyasəti Qorbaçovun və onun əlaltılarının iradəsi ilə icra edilirdi. Bütün dünyanın açıq fikirli adamları bu aksiyanı, bəşər tarixində misli görünməmiş qətliamı lənətlə qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər və müasir silah növləri ilə yaraqlanıb xüsusi tapşırıqla Bakını gülləbaran edənlərin törətdiyi cinayətlər Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.
1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya – Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında "Lefortovo gündəliyini, 200-dən çox, şeir, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. "Lefortovo gündəliyi" şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.
Xəlil Rza 1990-cı il yanvarın 29-dək – 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini "Xəlil Xəlilov", "Xəlil Xəlilbəyli", "Xəlil Odsevər", "Xəlil Rza" təxəllüsləri ilə çap etdirmişdi. "Xəlil Rza Ulutürk" təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair ömrünün son illərində, dörd il beş ay, 22 gün – 1994-cü il iyun ayının iyirmi ikisinədək, dünyasını dəyişən günədək yazdığı şerlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra, onun ömür-gün yoldaşı, vəfadar Firəngiz xanım XX əsrin axırlarından bu günədək Xəlil Rzanın şerlərini, gündəliklərini və tərcümələrini sahmana salıb sanballı kitab halında Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini – "işıq üzü görməyən küll halında qalmış əsərlərini" nəşr etdirməklə "onunla nəfəs alır", onu yaşadır, onu ölməzliyə, əbədiyyətə qovuşdurur.
Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı.
1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir. Süleyman Dəmirəlin tapşırığı ilə cərrah Paşa adına Şəfa evində onun şəkərini və gözlərini müalicə edirlər. May ayının 19-da Həsaki Qəlb xəstəxanasında Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı aparılır. 1993-cü il fevral ayının 11-də Bakıya qayıdan Xəlil Rza ayağından çıxarılan şırımın yeri bitişmədiyindən müalicə komissiyasında həkimlərin nəzarəti altında saxlanılır. Lakin çox çəkmir ki, həkimlərin məsləhətinə görə, şairi Almaniyaya göndərirlər. 1993-cü il avqust ayının 23-də Xəlil Rza Firəngiz xanımla Bakı-İstanbul-Köln təyyarə marşurutu ilə Almaniyaya gedir, Zolenger şəhər klinikasında müalicəsini davam etdirir. Bakıya qayıdan Xəlil Rzanın bir müddətdən sonra yenə vəziyyəti ağırlaşır, onu Kardiologiya İnstitutunda müalicə edirlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Bu tarixi səfər Xəlil Rzanın son səfəri oldu. Fransa səfərindən sonra tez-tez ön cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edib şerlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla ciddi məşğul olması onu haldan salıb vəziyyətini ağırlaşdırdı. Sonrakı müalicə nəticə vermədi. 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı.
Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) "İstiqlal" ordeni ilə təltif edildi.