Zakir Həsənov Bülənt Turanla görüşdü
16.10.2019
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda "NATO günləri” çərçivəsində səfərdə olan Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülənt Turanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri Azərbaycanın NATO ilə tərəfdaşlıq əlaqələrinin çoxşaxəli olduğunu və bu tərəfdaşlığın daim inkişaf etdirilməsinə böyük önəm verildiyini bildirib.
Müdafiə naziri NATO-nun ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi xatırladaraq bunun ümumilikdə Avroatlantik məkanda təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də regional sülhə və sabitliyə xidmət etdiyini nəzərə çatdırıb.
Kontr-admiral B.Turan də öz növbəsində Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlığını xüsusi vurğulayıb. B.Turan həmçinin "NATO Günləri”nin ölkəmizdə yüksək səviyyədə təşkili və keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.