Ərdoğan türk dünyasına səsləndi: “Bir-birimizin yanında olmaq qardaşlıq vəzifəmizdir”
15.10.2019
"BMT Baş Məclisi və İslam Əməkdaşlıq Təşkilatında Türk Şurasına müşahidəçi statusunun verilməsini arzulayırıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türk Şurasının VII Zirvə Görüşündə deyib.
Türkiyə Prezidenti Türk Şurasına üzv dövlətlərin diaspor təşkilatlarının vahid şəkildə hərəkət etmələrinin vacibliyini vurğulayıb.
Suriyanın şimalında Türkiyə ordusunun "Barış bulağı” adlı hərbi əməliyyatlara başladığını xatırladan Ərdoğan ölkəsinin terrorizmə qarşı apardığı mübarizədə Türk Şurasından ciddi dəstək gözlədiyini qeyd edib: "300 milyonluq türk dünyasının bizimlə olduğunu bilirik. Eyni zamanda, FETÖ-yə qarşı mübarizədə bizə göstərdiyiniz dəstəyi davam etdirməyinizi xahiş edirəm. Türkdilli dövlətlərin milli mübarizələrdə bir-birinin yanında olması qardaşlıq vəzifəsidir”.