"Müsavat"da başqan seçkisi: Gərgin SAATLAR
13.10.2019
Bu gün Bakının Binəqədi rayonunda yerləşən "Büllur” sarayda Müsavat Partiyasının IX qurultayı öz işinə başlayıb.
Qurultayda diqqəti çəkən məqam başqan seçkisidir. Belə ki, Müsavat Partiyası başqanlığına İsa Qəmbər bu dəfə də namizədliyini irəli sürməyib. Hazırda başqanlıq üçün Müsavat Partiyası Divanının üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqlı və hazırkı başqan Arif Hacılı mübarizə aparır.
Bir neçə Yutub kanalının apardığı onlayn sorğular isə inanılmaz nəticələr ortaya qoyub. Belə ki, Tofiq Yaqublu səsvermədə 90% civarında səs toplayıb.
Həmçinin yüzlərlə şərhdə də birmənalı olaraq T.Yaqublu dəstəklənib. Hətta əksəriyyət T.Yaqublu başqan seçilməyəcəyi halda partiyadan ayrılacağını qeyd edir.
Maraqlı digər məqam isə İsa Qəmbərin Arif Hacılını dəstəkləməsidir. İsa Qəmbər oktyabrın 9-da özünün Feysbuk səhifəsində yaydığı açıqlamada qurultay nümayəndələrini Arif Hacılıya səs verməyə çağırmışdı.
Beləliklə, seçkinin gərgin keçəcəyi gözlənilir.