Əli Məmmədov
Gəncə şəhər sakini
Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin III fəsli məhkəmə aidiyyəti, IV fəsli isə ərazi aidiyyəti ilə bağlı məsələləri tənzimləyir. Bir-biri ilə əlaqədar olan işlərin birgə baxılmasının mümkünlüyünü 43.1-ci maddə təsbit edir.
Məcəllənin IV ("Ərazi aidiyyəti”) fəslinə aid bu maddədə deyilir: "Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir”.
Bunula belə, əlaqəli işlərin eyni icraatda birləşdirilməsi üçün onların hər ikisinin ya ümumi (rayon (şəhər) məhkəməsi), ya da ixtisaslaşdırılmış məhkəməyə (inzibati-iqtisadi məhkəməyə) aid olması tələb edilir. Bu baxımdan adı çəkilən məcəllənin 43.1-ci maddəsi biri ümumi, digəri isə ixtisaslaşdırılmış məhkəməyə aid olan iki işin eyni icraatda birləşdirilməsinə əsas vermir.
Sizin işlər bir-biri ilə sıx bağlı olsa da, bank ümumi məhkəmədə, siz isə iqtisad məhkəməsində iddia qaldırdığınızdan işləri eyni icraatda birləşdirmək qanunvericiliklə mümkün deyil.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi