ABŞ-dan Türkiyəyə F-35 QADAĞASI
27.04.2018
ABŞ-ın demokratlar və respublikaçılardan ibarət bir qrup senatoru Türkiyəyə F-35 qırıcılarının idxalının qadağan olunmasını istəyir.
"Dövran Media" "Reuters” agentliyinə istinadla xəbər verir ki, buna Türkiyə tərəfinin amerikalı keşiş Endryu Bransonu həbs etməsi bəhanə olub.
Qeyd edilir ki, Ankara 116 ədəd F-35 qırıcısı almağı planlaşdırır.
Senator Ceyms Lenkfordun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qanunun aliliyinə məhəl qoymur, ona görə qırıcıların Ankaraya satılması risklidir.
Siyasətçi əlavə edib ki, Türkiyənin son vaxtlar qəbul etdiyi strateji qərarların bəziləri ABŞ-ın maraqlarına ziddir.
Qeyd edək ki, 2016-cı il iyulun 16-da Türkiyədə hərbi çevrilişə cəhd olub. Hökumət bu hadisədə Pensilvaniyada yaşayan Fətullah Güləni təqsirli bilib.
Çevrilişə cəhdin qarşısının alınmasından sonra 50 min insan həbs edilib, 140 min şəxs vəzifəsindən azad olunub.
Saxlanılanlar arasında keşiş Branson da olub. ABŞ prezidenti Donald Trampın görüş zamanı Bransonu azad etmək istəyinə Ərdoğan onu Gülənlə əvəz etmək təklifi ilə cavab verib.