ABŞ-ın xüsusi nümayəndəsi ilə "Taliban" arasında GÖRÜŞ
04.10.2019
Pakistanın paytaxtı İslamabadda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və "Taliban" hərəkatının nümayəndələri arasında görüş olub.
Bir saatdan artıq davam edən görüş sülh danışıqlarının bərpası ilə bağlı olmayıb.
Görüş tərəflər arasında qarşılıqlı inam və etibarın bərpa olunması üçün təşkil olunub.
Görüş barədə məlumat verən mənbə bildirib ki, Pakistan görüşün baş tutmasında vacib rol oynayıb.
ABŞ-ın Pakistandakı səfirliyi və Dövlət Departamenti görüşlə bağlı hər hansı şərh verməyib.
"Taliban"ın sözçüsü Zabihullah Mücahid isə görüşün baş tutmasını nə təkzib, nə də təsdiq edib. O bildirib ki, "Taliban” nümayəndə heyəti İslamabaddadır və orada müəyyən görüşlər keçirir.
Xatırladaq ki, "Taliban" və ABŞ arasında sülh danışıqların bir neçə mərhələsi baş tutsa da, ötən ay ABŞ Prezidenti Donald Tramp danışıqların dayandırıldığını elan edib.