Putin Paşinyandan əlini üzdü - Politoloq
03.10.2019
Rusiya prezidentinin İrəvana səfəri göstərdi ki, Paşinyan-Putin münasibətləri Ermənistanın baş nazirinin dediyi kimi nəinki yüksək səviyyədə, əksinə çox pis vəziyyətdədir. Putinin Paşinyana saymazyana, yuxarıdan-aşağı münasibəti onun düşmənlərinə, ilk növbədə Qarabağ klanına "hücuma keç” əmri vermək kimi bir şeydir.
Bu sözləri politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Putin əlaltından Paşinyanın hakimiyyətdən getməsi üçün lazım olan addımlar atır: "Onun xüsusi kəşfiyyat idarəsi Ermənistanda var gücü ilə işləyir. Paşinyan həsədlə gözləyirdi ki, Putinlə üzbəüz oturub söhbət edəcək, amma alınmadı, ayaqüstə zəif fikir mübadiləsi oldu. Bununla da hər şey bitdi.
"Qarabağ klanı” ilə yanaşı yerli ermənilərin Paşinyanın maddi rifahı düzəldə, iş yerləri aça bilməməsindən, xarici siyasət xəttində qarmaqarışılıq yaratmasından ciddi narazıdırlar. Bir sözlə, bacarıqsız adamın hakimiyyətə gəlişindən xeyli narahatdırlar. Belə bir şəraitdə İrəvanda və müxtəlif bölgələrdə, eləcə də Qarabağın özündə anti-Paşinyaçılar nümayişə başlaya, Paşinyan hakimiyyətinin devrilməsi üçün ilkin addımlar atıla bilər.
Bu məsələdə Rusiyanın Ermənistandakı qoşunları, Gümrüdəki 102-ci briqada, İrəvan yaxınlığında aviasiya bazası, Ermənistan sərhədlərini qoruyan rus sərhədçiləri bu və ya digər formada prosesdə iştirak edəcək. Bu, Paşinyan üçün başağrısına, onun komandasına ciddi cinaha çevriləcək”.
Qabil Hüseynlinin fikrincə, Rusiya Ermənistanı öz forpostu kimi qorumaqda davam etsə də, bu qənaətdədir ki, forpostun başında onun ürəyincə olan şəxs deyil, azacıq siyasi konyunktura dəyişikliyi olanda üzünü Rusiyadan yan çevirəcək: "Paşinyanın səriştəsizliyi Rusiya üçün ciddi başağrısı yaradır. Bu səbəblərdən Rusiya Paşinyandan əlini üzmüş kimi görünür. Gələcəkdə bunun hansı nəticələr verəcəyini görəcəyik.
Hər halda xalqın çıxışları qüvvətlənərsə, Putinin Paşinyanla davranışı göstərir ki, Ermənistan qarışacaq. Bu çalxalanma Paşinyan üçün çox baha başa gələcək. Putinin Köçəryanın həyat yoldaşına onun həbsxanadan çıxacağını söyləməsi ilə əslində Paşinyanın hakimiyyətdən gedəcəyinə eyham vurduğuna şübhə etmirəm”.