"General Əliağa Şıxlinski" suya buraxılıb
03.10.2019
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan və Xəzər dənizinin ən nəhəng gəmilərdən biri sayılan "General Əliağa Şıxlinski” kran gəmisinin gövdə hissəsi əsaslı təmir edilib.
"Bibiheybət” Gəmi Təmiri Zavodunun üzən tərsanəsində aparılan işlər yekunlaşdıqdan sonra gəmi suya buraxılıb.
Proses zamanı 600 ton yükqaldırma qabiliyyətinə malik gəminin protektor qoruyucuları, dib-yan armaturları təmir edilib, sualtı və suüstü hissələrdə yararsız metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib, hər iki bortda qoruyucu-təkərlər (fender) yenilənib, təmizləmə-rənglənmə işləri görülüb.
Yük göyərtəsində yanalma əməliyyatında istifadə olunan roulslar işlək vəziyyətə gətirilib, yüklərin bərkidilməsi üçün istifadə olunan zədələnmiş metal konstruksiyalar yenisi ilə əvəzlənib.
"Bütün bunlarla yanaşı, baş mühərriklərin yağ və su soyuducuları təmizlənib, gəminin boru sistemləri, sanitar qovşaqları, yaşayış otaqları təmir edilib, yeni mebellər quraşdırılıb, su keçirməyən qapılar, illüminatorlar, ventilyasiya qapaqları təmir olunub. Hazırda gəmini yenidən istismara qayıtmaq üçün sınaq işləri aparılır”, - deyə ASCO-nun məlumatında bildirilir.