Bu gün - Beynəlxalq Ahıllar günüdür
01.10.2019
BMT Baş Məclisinin müvafiq Qətnaməsinə əsasən, hər il oktyabr ayının 1-i bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Ahıllar günü kimi qeyd olunur.
"Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar və hazırda ölkəmizdə ahıl vətəndaşların sayı 400 minə yaxındır.
Ümummilli lideri Heydər Əliyev tərəfindən ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilib. Bunun nəticəsi kimi, hələ 1993-cü ildən ölkəmizdə də hər il Beynəlxalq Ahıllar günü yüksək səviyyədə qeyd olunmaqla, bu kateqoriyadan olan vətəndaşların təminatlarının artırılması üçün ardıcıl işlər aparılıb.
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və daha da gücləndirilən bu siyasət ahıl insanlarımızın etibarlı sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə geniş miqyas almasına imkan verib. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, "Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlər nəticəsində ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımlar atılıb.
Ahıl insanların sosial müdafiəsinin gücləndirilməsində pensiya təminatı xüsusi rola malikdir. Hazırda ölkəmizdə əmək pensiyaçılarının mühüm bir hissəsini də ahıl vətəndaşlar təşkil edir. 2006-cı ildə sığorta prinsiplərinə əsaslanan yeni "Əmək pensiyaları haqqında” qanun qüvvəyə mindikdən ötən dövrdə ölkəmizdə əmək pensiyasının minimim məbləği 8 dəfə artıb. Xüsusilə Prezident İlham Əliyevin 2019-cu ildə təqdim etdiyi, sosial sahədə inqilabi irəliləyişləri təmin edən sosial islahatlar paketi bu istiqamətdə növbəti mühüm addımların atılmasını təmin edib. Belə ki, cari ildə həyata keçirilən iki sosial paketin nəticəsi kimi, ölkəmizdə minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata, oktyabrın 1-dən isə 200 manata çatdırılıb. Beləliklə, Azərbaycanda əmək pensiyasının minimum məbləği təkcə cari il ərzində 72,4 faiz artırılıb, həmçinin yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faiz üstələyib, minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutub.
Eyni zamanda, dövlət başçısının 18 iyun 2019-cu il tarixli Sərəncamları ilə dövlət qulluqçularının, hərbi qulluqçuların, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşlarının, xüsusi rütbəli şəxslərin və b. əməkhaqları cari il sentyabrın 1-dən ciddi şəkildə artırılıb. Bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş pensiyaçıların da pensiyalarının orta hesabla 31 faiz artmasına imkan verib. Bununla yanaşı, son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb və cari ildə reallaşan sosial islahatlar yaşa görə müavinətlərin də iki dəfəyə yaxın artmasını, 73 manatdan 78 faiz artaraq 130 manata çatdırılmasını təmin edib.
Ahıl vətəndaşların bir qismi də İkinci Dünya müharibəsi iştirakçılarıdır. Hər il 9 May - Qələbə günü ərəfəsində dövlət başçısının müvafiq Sərəncamı imzalanmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar verilir. Eyni zamanda, Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən cari il aprelin 1-dən müharibə əlilləri üçün təqaüdlər I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb. Həmçinin I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün 15 aprel 2019-cu il tarixli digər Fərmanla aylıq təqaüd (50 manat) təsis edilib. İkinci Dünya müharibəsinin iştirakçılarına Prezidentin aylıq təqaüdü isə 150 manata çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə digər müvafiq kateqoriyalardan olan vətəndaşlarla bərabər İkinci Dünya müharibəsi ilə əlaqədar səbəbindən əlillyi olanların da mənzil və minik avtomobili ilə təminatı həyata keçirilib.
Son illərdə nazirliyin digər bir çox sosial xidmət müəssisələrində olduğu kimi, mühüm bir hissəsi ahıllardan ibarət 235 nəfərin yaşadığı pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində də müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Müəssisə üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunaraq istifadəyə verilib.
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən nəcib layihələr Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsini də əhatə edir. Bu layihələr çərçivəsində pansionatdakı qocaların səhiyyə ocaqlarında müayinə edilməsi, onlar üçün konsertlərin, bayram şənliklərinin keçirilməsi və s. tədbirlər təşkil edilir.
"Sosial xidmət haqqında" Qanuna əsasən, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 10 minədək tənha ahıl və əlil şəxs evlərində sosial-məişət xidməti ilə təmin edilir. Onlardan 7700-ü ahıl şəxslərdir. Sosial-məişət xidməti kimi onlara sosial işçilər tərəfindən ev təsərrüfatında təmizlik işlərinin aparılmasında, yemək hazırlanmasında, zəruri ərzaq, sənaye və məişət mallarının, müvafiq hallarda tibbi və psixoloji yardımın, hüquqi məsləhətlərin alınmasında və s. işlərdə köməklik göstərilir.
Qeyd olunanlarla yanaşı, Prezident İlham Əliyevin "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı sosial xidmətlər sistemində yeni bir istiqamət kimi, ahıllar üçün də günərzi xidmətlərin təşkilinə imkan verib. Sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişləri əsasında ilk mərhələdə 10 şəhər və rayonda (Bakının Binəqədi, Xəzər, Sabunçu, Pirallahı rayonlarında, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində, Abşeron, Lənkəran, Xaşmaz rayonlarında) ahıllar üçün günərzi xidmət mərkəzləri yaradılıb. Həmin mərkəzlərdə tənha ahıllar yarımstasionar şəkildə, yəni günərzi formasında sosial-məişət xidmətləri ilə təmin olunur, onların asudə vaxtlarının mənalı təşkili və s. istiqamətlərdə işlər aparılır.
/trend/