Bu bitki sağlamlıq üçün çox faydalıdır
30.09.2019
Pərpətöyünün tarixi 4 min il əvvələ gedib çıxır. Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir.
Azərtac xəbər verir ki, yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də deyilir. Qida dəyəri yüksək olan pərpətöyünün bir sıra xəstəliyə qarşı qoruyucu təsiri var.
Doymamış yağ turşuları, xüsusilə Omega-3 və digər turşularla zəngin olan pərpətöyün ürək-damar sağlamlığını qoruyur. Tərkibindəki zəngin komponentlər sayəsində həm xolesteronu aşağı salır, həm də qan təzyiqinin normallaşmasında əhəmiyyətli rol oynayır.
Bakteriya və göbələk yaranmasına qarşı qoruyucu təsirə malik olduğundan bədəni xəstəlik yaradan mikroorqanizmlərdən qoruyur.
Antioksidant təsiri ilə həzm sistemini gücləndirir. Sidikqovucu və toksin təmizləyici xüsusiyyəti olan pərpətöyün böyrəklərdə olan qum və daşların xaric olmasına yardım göstərir. Tərkibindəki yüksək miqdarda liflər qəbizliyin qarşısını alır, eyni zamanda vitamin və minerallarla zəngin olması yorğunluq, halsızlıq və depressiyaya qarşı əhəmiyyətli rol oynayır. Dəridə quruluğun aradan qaldırılmasına kömək edir.