Şairin heykəli fərqli formada - FOTO
30.09.2019
Sentyabrın 29-da Şamaxının Meysəri kəndində ikinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində "Nəsiminin ruhu” heykəl-installyasiyasının açılışı olub.
Festival iştirakçılarının, eləcə də, nəsimisevərlərin, ziyalıların qatıldığı açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirilən heykəl-installyasiyanın Azərbaycanda dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə, ümumən yaradıcı insanlara Fondun göstərdiyi diqqət və qayğının təzahürü olduğunu söyləyib.
Heykəl-installyasiyanın müəllifi Rəşad Ələkbərov bu əsərin onun üçün də çox incə, zərif, yaradıcı təxəyyül tələb edən düşündürücü, həm də çox çətin olduğunu vurğulayaraq, hərtərəfli dəstək üçün əsərin sifarişçisi Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
O, "Nəsiminin ruhu” adlı heykəl-installyasiyanın İmadəddin Nəsiminin "Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” beytindən qaynaqlanaraq yaratdığını qeyd edib.