Yeni bal brendi yaradılır
27.09.2019
Azərbaycanda yeni bal brendi yaradılır.
Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib. Onun sözlərinə görə, bu bal ilə artıq xaricdə maraqlanırlar:
"Bildiniz kimi, Azərbaycanda bir sıra bal sortları var. Ancaq hazırda ölkədə yeni bal brendi yaranır, adı isə "9 iqlim"dir. Həmin balın tərkibi 9 regiondan əldə edilən və 9 müxtəlif sortda olan balların birləşməsi olacaq. Yeni brendlə artıq Almaniya maraqlanır və bununla bağlı iki dəfə görüş keçirilib".
B.Həsrətov Aran rayonlarında bal istehsalının getdikcə artdığını da deyib:
"Əvvəllər demək olar, çox insan bilmirdi ki, Aran rayonlarında, hətta Yevlax və Kürdəmirdə arıçılıq ilə məşğul olmaq olar. Son illər həmin ərazilərdə arıçılq böyük sürətlə inkişaf edir. Bir faktı da deyim ki, Yaponiya yalnız Aran rayonlarından əldə olunmuş bal alır".