Aİ: Bu dialoq münaqişənin sülh yolu ilə həlli üçün önəmlidir
27.09.2019
"Gürcüstan xarici işlər naziri David Zalkaliani ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş regional təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından vacib fürsət oldu"
Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə mətbuat xidmətinin rəhbəri Maya Kosiançiç (Maja Kocijancic) belə deyib.
"Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı görüş regional təhlükəsizlik məsələlərini müzakirə etmək, Gürcüstan-Rusiya münasibətlərindəki gərginliyi və bu gərginliyin vətəndaşlara təsirini azaltmaq üçün vacib bir fürsət oldu. Dialoq münaqişənin sülh yolu ilə həlli üçün önəmlidir və Avropa İttifaqı bunu tam dəstəkləyir. Gürcüstandakı münaqişədən zərər çəkmiş əhalinin vəziyyətini yumşaltmaq üçün bütün tərəflərin konstruktiv şəkildə fəaliyyət göstərməsi vacibdir. Avropa İttifaqı Gürcüstanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. ", - deyə M. Kosiançiç bildirib.
Qeyd edək ki, ötən gün BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində İsveçrənin təşəbbüsü və təşkilatçılığı ilə Rusiya xarici işlər naziri Sergey Lavrov və Gürcüstan xarici işlər naziri D.Zalkaliani arasında görüş baş tutub. Görüşdə əsas müzakirə mövzusu Gürcüstanın işğal edilmiş ərazilərindəki vəziyyət olub.