IMF-in yeni rəhbəri MƏLUM OLDU
26.09.2019
Bolqarıstan nümayəndəsi Kristalina Georgiyeva rəsmi olaraq Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) idarəedici direktoru vəzifəsinə seçilib. Bundan əvvəl o, Dünya Bankının icraçı direktoru vəzifəsində çalışıb.
"APA-Economics"in IMF-ə istinadən verdiyi məlumata görə, K. Georgiyeva vəzifəsinin icrasına oktyabrın 1-dən başlayacaq. Təyinat beşillik fəaliyyət dövrünü əhatə edəcək.
"Bu gün Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası Kristalina Georgiyevanı 2019-cu ilin oktyabrın 1-dən beşillik müddətə idarəedici direktor və İdarə Heyətinin sədri vəzifəsinə seçdi", - deyə Fondun məlumatında deyilir.
Qeyd edək ki, bundan öncə sözügedən vəzifədə Kristin Laqard çalışıb. Hazırda K. Laqard Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə namizəddir. Cari ilin noyabr ayında onun bu vəzifədə olan Mario Draqini əvəzləyəcəyi güman edilir.