Müəlliflik hüququ alanların siyahısı
25.09.2019
Bu il ərzində Azərbaycanda əsərlərinə müəllif hüququ verilməsi ilə bağlı Əqli Mülkiyyət Agentliyinə müraciət edən tanınmış şəxslərin adları açıqlanıb.
Agentliyin Mətbuat katibi Elnur Məmmədli Report-a bildirib ki, mütəmadi olaraq müəlliflər və hüquq sahibləri tərəfindən əsərlərin qeydiyyatdan keçirilməsi üçün müraciətlər olunur:
"Bu il ərzində müəllif-hüquq obyektlərinin qeydiyyatı ilə bağlı müraciət edən fiziki şəxslər sırasına bəzi tanınmış müəlliflər də qeydə alınıb. Bu il bəstəkar Eldar Mansurov, bəstəkar Cavanşir Quliyev, bəstəkar Aygün Səmədzadə, ifaçı-bəstəkar Səyyad Əlizadə və bəstəkar-ifaçı Şəmistan Əlizamanlı musiqi əsərlərininin müəlliflik hüququ kimi qeydiyyata alınması ilə bağlı müraciət edib. Eyni zamanda, bu il Xalq artisti Həmidə Ömərova da ssenarisi olduğu ədəbi əsərin müəllif hüququnun qeydiyyatı ilə bağlı Agentliyə müraciət edib".
E.Məmmədli bildirib ki, müraciət edən tanınmış şəxslər arasında rəssamlar da var: "Bundan əlavə rəssam Faiq Əhməd təqdim etdiyi dekorativ tətbiqi sənət əsərləri, Xalq rəssamı, rəngkar Qəyyur Yunus təqdim etdiyi rəngkarlıq və qrafika üzrə əsərlərinin, xalçaçı-rəssam Eldar Mikayılzadə təqdim etdiyi dekorativ sənət əsərlərinin, Tahir Əmiraslanov isə kulinariya kitablarının qeydiyyatdan keçirilməsini istəyib".
E.Məmmədli qeyd edib ki, bütün müraciətlərə Əqli Mülkiyyət Agentliyinin müvafiq şöbələrində baxıldıqdan sonra onların təqdim etdikləri əsərlər müəllif hüququ qismində qeydiyyatdan keçirilib.