Ərdoğan ABŞ-a gedir: Kritik görüşdə nələr danışılacaq ...?
21.09.2019
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyasına qatılmaq üçün ABŞ-a gedir.
Dövran Media xəbər verir ki, Ərdoğan BMT-də çıxışında və tədbir çərçivəsində keçirəcəyi görüşlərdə bir sıra önəmli məsələləri müzakirə edəcək.
Onun ABŞ-a səfəri əsasən Suriyada təhlükəsizlik zolağı yaratmaq mövzusunu əhatə edəcək. Türkiyə Prezidenti BMT kürsüsündən dünyaya səslənəcək, qaçqınların Suriyaya qayıdışında təhlükəsizlik bölgəsinin əhəmiyyətini vurğulayacaq və dəstək istəyəcək.
Türkiyə hesab edir ki, 30 kilometrlik dərinlikdə təhlükəsizlik zolağının yaradılması əvvəlcə 1 milyon, daha sonra, bölgənin Raqqaya qədər uzanacağı halda 3 milyon suriyalının burada yerləşməsinə imkan açacaq.
İsrailin Colan təpələrinin işğalı, ərəb jurnalist Camal Qaşıqçının qətli, Şərqi Aralıq dənizində enerji hasilatı ilə bağlı böhranda Türkiyənin mövqeyi məsələlərinə də diqqət ayrılacaq.
Səfərdə ən kritik məqam Ərdoğan-Tramp görüşü olacaq. Türkiyə rəhbərinin ABŞ dövlət başçısı ilə Fəratın şəqriylə bağlı əhatəli fikir mübadiləsi gözlənilir. Görüşdə F-35 gərginliyi ayrıca müzakirə ediləcək. Bundan başqa iki lider PYD/YPG terror təşkilatı ilə birgə mübarizə, FETÖ başçıçının Türkiyəyə verilməsi, ölkələr arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırmaq kimi məsələləri də nəzərdən keçirəcəklər.