Sabiq deputat YAP-dan çıxarıldı
18.09.2019
Nazim Məmmədov YAP sıralarından uzaqlaşdırılıb və onun partiya ilə heç bir əlaqəsi yoxdur.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidməti SİA-nın sorğusuna cavab olaraq deyib. Mətbuat xidmətindən qeyd edilib ki, keçmiş millət vəkili Nazim Məmmədov 2000-ci ildən YAP-ın üzvü olub. Lakin 2010-cu ilin parlament seçkilərində qeyri-etik davranışına və Partiyanın Nizamnamə tələblərinə, prinsiplərinə zidd hərəkətinə görə YAP-ın sıralarından uzaqlaşdırılıb.
"Artıq Nazim Məmmədovun partiya ilə heç bir əlaqəsi yoxdur və YAP-ı təmsil etmir”, - məlumatda bildirilib.
Qeyd edək ki, son vaxtlar keçmiş millət vəkili Nazim Məmmədovun sosial şəbəkələrdə və bəzi KİV-lərdə etdiyi çıxışları onun "siyasi mövqeyini” dəyişdiyini göstərir.