Gürcülərin 78 faizi Avropa İttifaqı, 71 faizi NATO-nu istəyir
18.09.2019
Gürcüstanda rəyi soruşulan vətəndaşların 78 faizi ölkənin Avropa İttifaqına (Aİ), 71 faizi isə NATO-ya üzvlüyünü dəstəkləyir.
Dövran Media AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.
Məlumatda deyilir ki, rəyi soruşulanların 14 faizi ölkənin Aİ-yə qoşulmasının əleyhinə səs verib, 8 faizi isə müvafiq suala cavab verməkdə çətinlik çəkib.
NDI-nin sorğu əməkdaşları eyni sualla milli azlıqlardan olan vətəndaşlara da müraciət ediblər. Milli azlıqdan olan respondentlərin 57 faizi Gürcüstanın Aİ-yə üzvlüyünün lehinə, 14 faizi əleyhinə səs verib, 26 faizi isə suala cavab verə bilməyib.
Gürcüstan vətəndaşlarının 71 faizi ölkənin NATO-ya üzvlüyünün lehinə, 17 faiz əleyhinə səs verib. Müvafiq sualın cavabını bilməyənlər isə 7 faiz təşkil edib.
Milli azlıqları təmsil edən respondentlərin 36 faizi ölkənin NATO-ya üzvlüyünə, 15 faizi əleyhinə səs verib, 46 faizi isə sualı cavablandıra bilməyib.
NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə iyulun 13-dən 29-dək 2 131 respondent arasında keçirib.