Meyvə-tərəvəzləri 20 dəqiqə suda saxladıqdan sonra yeyin
13.09.2019
Düzgün qidalanma sağlam həyatı şərtləndirən vacib şərtlərdəndir. Sağlamlığı qorumağın əsas şərtlərindən biri də qida zəhərlənmələrindən qorunmaq, tərkibində bakteriyalar olan məhsullardan uzaq olmaqdıır.
Qida bakteriyaları təbiətdə geniş yayılıb. Onlar nəm və isti yerlərdə isə çox yayılmaq xüsusiyyətinə malikdir. Quruluşca müxtəlif olan bakteriyalar Günəş şüası altında məhv olurlar, çünki ətraf mühit quru və günəşli olduqda onlar tab gətirə bilmir.
Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva Azərtac-a deyib: "Qida zəhərlənməsinin qarşısını almağın bir neçə yolu var. İlk növbədə qidaların saxlanma şəraitinə fikir vermək lazımdır. Daha çox soyuducunun buz dolabında saxlanılan qidalara üstünlük verilməlidir. Yeyilən bütün meyvə-tərəvəzlər 20 dəqiqə suda saxlanılmalıdır. Mikroblar suda həll olunduğu üçün təmizlənir, qəbul edilən qidalar daha gigiyenik olur və zəhərlənmələrin sayı azalır".
Mütəxəssislər xalq arasında doğru olduğu düşünülən bir çox məlumatların əslində yanlış təsir bağışladığını bildirirlər. Buna misal olaraq əlləri isti su ilə və antibakterial sabunla yumanın bakteriyaları məhv etməsi inancını nümunə gətirmək olar. Araşdırmalara görə, əlləri isti su əvəzinə ilıq su ilə yumaq məqsədəuyğun hesab edilir, çünki isti su dərini qurudur, dəridə çatların əmələ gəlməsinə səbəb olur. Bu yolla da bakteriyalar dəriyə daha tez daxil olur və çoxalır. Bundan əlavə əlləri antibakterial yox, adi sabunla təmizləmək də kafi hesab edilir.
Başqa bir misal geniş istifadə edilən ət məhsulları ilə bağlıdır. Əti bişirmədən əvvəl mütləq yumağın vacibliyi haqqında deyilənlər düzgün deyil. Doğrudur, ətin yuyulması bakteriyaların bir hissəsini öldürsə də, onların digər yeməklərə və mətbəx əşyalarına keçmək ehtimalını artırmış olur.
Şöbə müdiri bu barədə deyib: "Ət soyuducunun buz dolabından çıxarılandan sonra 2 saat ərzində buz əriyənə qədər onun sterilliyi saxlanılır. Həmin vaxtdan sonra mikroblar ətə sirayət edə bilər. Ona görə də əti normal hava şəraitində 2 saatdan artıq saxlamaq olmaz".
Xüsusən yaz və yay aylarında təbiətin bizə bəxş etdiyi bol vitaminli məhsullardan faydalanmaq, qida bakteriyalarının orqanizmə mənfi təsirindən qorunmaq lazımdır.