Dağlıq Qarabağın icma sədrindən çağırış
13.09.2019
"Qondarma cinayətkar xunta rejimi Azərbaycanın işğal edilmiş ərazilərində erməni icmasını əsarət altında saxlayır və azərbaycanlıların ora geri dönməsini əngəlləmək məqsədilə işğalın nəticələrini "legitimləşdirmək” üçün müxtəlif təxribatlara əl atır”.
APA-nın xəbərinə görə, bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.
"Onlar bu istiqamətdə qondarma seçkilər keçirir və bir-iki nəfər deputatı, hansısa xarici ölkənin nümayəndəsini ora dəvət edirlər. Beynəlxalq təşkilatların nümayəndələrinin Dağlıq Qarabağa səfər etməsindən bəhs edən şoular düzəldirlər. Amma birmənalı olaraq deyirəm ki, erməni rejiminin bu addımı təxribatdır və cinayətkar xunta rejiminin düşdüyü çıxılmaz çətin vəziyyətin göstəricisidir”, - T. Gəncəliyev vurğulayıb.
İcma sədri qeyd edib ki, bu təxribatların heç bir nəticəsi olmayacaq: "Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən beynəlxalq təşkilatların nümayəndələrinə çağırış edərək, onları Azərbaycanın əzəli və işğal olunmuş torpaqlarına qanunsuz səfərlər etməməyə çağırıram. Çünki bu səfərlərin heç bir hüquqi əsası yoxdur".