Müslüm Maqomayev haqqında serial- Rusiyanın “Birinci kanal”ında
13.09.2019
Rusiyanın "Birinci kanal”ı yeni mövsümdə görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin həyatına həsr olunmuş 8 seriyalı filmi təqdim edəcək. Bu barədə "Sobesednik” nəşri xəbər yayıb.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, "Bakı bülbülü” haqqında filmim lentə alınması ideyası Aras və Emin Ağalarovlara məxsusdur. "Krokus Siti”nin yaradıcılarının ailəsinin üç nəsli müğənni ilə dostluq edib və bu səbəbdən "Maqomayev” mövzusu onlar üçün həm də ailənin dərin şəxsi tarixçəsidir. Emin Ağalarovun etiraf etdiyinə görə, o, atası ilə birlikdə layihənin maliyyələşdirilməsində iştirak etməklə onlar bu işin hər bir mərhələsini – yayımçı kanalın seçilməsindən və ssenarinin yazılmasından tutmuş, baş rol ifaçılarının kastinqi və prodüserliyədək məsələləri diqqətdə saxlayıb.
Filmin baş məsləhətçisi müğənninin həyat yoldaşı Tamara Sinyavskayadır. Emin əlavə edib: "Tamara İlyiniçna ilə razılaşdırılması bizim prinsipial şərtimiz olub. Qarşıdakı premyeranın onun üçün bir sürpriz olması bizin ən az arzuladığımız şey olub. Müslüm Maqometoviçin xanımının iştirakı bu unikal insan haqqında hekayənin daha etibarlı olmasının təminatıdır. Bu, bədii, lakin real hadisələrə əsaslanan film olacaq”.
T.Sinyavskaya deyib: "İstəyirəm ki, Müslümün xatirəsini ürəklərində yaşadan insanlar onun vəfatından10 ildən sonra da bu gözəl insanı yaxşı tanısınlar. Gənc nəsil isə, ola bilər ki, bu filmdən sonra onu yeni tanısın”.
Sinyavskayanın son fikri (Maqomayevi tanımamaq mümkündürmü?) heç də mübaliğə deyil. Müğənninin kim olduğunu hətta baş rolların ifaçılarına da izah etmək lazım gəlib. Sinyavskayanın obrazını canlandıran 28 yaşlı aktrisa və model İrina Antonenko "Miss Yekaterinburq -2009” və "Miss Rossiya – 2010” titullarının daşıyıcısıdır və Maqomayevin səsinin bütün SSRİ-də gurladığı vaxtlarda hələ anadan olmamışdı. Miloş Bikoviç isə öz qəhrəmanının adını ümumiyyətlə eşitməyib. Prodüserlər hətta onu Maqomayev rolunda oynamaq üçün dilə tutublar.
Aktyor xatırlayır: "Əvvəlcə razı olmurdum. Onda prodüserlər Müslüm Maqomayevin kim olduğunu izah etməyə başladılar...İkinsi söhbətdə onlar məni yola gətirdilər və indi başa düşürəm ki, əgər imtina etsəydim, böyük səhvə yol verərdim.
Aktyorun Serbiyada doğulduğunu nəzərə alsaq, bütün bunları ona bağışlamaq olar. Miloşun öz rolunun öhdəsindən necə gəldiyini söyləmək hələ tezdir. Hələlik mübahisəsiz olan odur ki, parikdə olan aktyor zahirə həqiqətən də öz qəhrəmanına bənzəyir. Mahnılara gəldikdə, onların ifaçılarının bir neçə variantı olub, lakin ən sonda qərara gəliblər ki, "Qolos” şousu düzəltmək yerinə, Maqomayevin mahnılarını onun özünün ifasında səsləndirmək daha yaxşıdır.
Janr etibarilə film daha çox melodramaya yaxındır. Bikoviç qeyd edir ki, onlar "Maqomayevin anadan olmasından vəfatına qədər həyatı haqqında deyil, onun ömrünün müəyyən dövrü – təqribən 30 yaşında olduğu və Tamara Sinyavskaya ilə tanışlığı” barədə film çəkiblər. Brejnevin durğunluq illərində yaranan və alovlanan bu məhəbbət tarixçəsi də ekran əsərinin mərkəzi süjeti olacaq.