Rəşad Atakişiyevin döğmaları MÜRACİƏT ETDİ
13.09.2019
İyulun 24-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevin ailəsi ictimaiyyətə müraciət edib.
Xəbər verildiyi kimi, mərhum pilotun qardaşı Nicat Atakişiyev kiminsə Rəşad haqqında insanlarda yanlış fikir formalaşdırmaq və insanların sevgisindən istifadə etmək istədiyini qeyd edib:
"Kimsə Rəşad Atakişiyevin həyat yoldaşı Könül xanımın adından profil açıb, Rəşadın adından istifadə edərək pul toplayır. Dostlar, sizdən xahişim budur, hər kəs bilsin Rəşadın adından istənilən heç bir şeyə qarşılıq verməyin və inanmayın. Bu insanı da axtarıb taparıq, inşallah. İnsanlar bilsin ki, kimsə Rəşadın üzərindən ailəsi adından pul yığır. Aldığım məlumat belədir".
Nicat Atakişiyev qardaşının xanımının da müraciətini sosial mediada paylaşıb: "Mənə məlumat verilib ki, mənim adımdan sosial şəbəkələrdə Rəşad Atakişiyev adı ilə səhifələr yaradılıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən heç bir sosial şəbəkədən istifadə etmirəm və heç bir digər adlarla səhifələr yaratmamışam. Zəhmət olmasa, belə hallarla rastlaşdıqda o saxta adlı insanları ifşa edin".