Bu fənn bütün ali məktəblərdə tədris olunacaq - bu ildən
03.09.2019
Yeni tədris ilindən etibarən "Multikulturalizmə giriş” fənni bütün ali məktəblərdə tədris olunacaq.
"Dövran Media" APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bildirib. Onun sözlərinə görə, artıq bir neçə ildir bu fənn müxtəlif ali təhsil müəssisələrində tədris olunur:
"2019/2020-ci tədris ilindən bu fənnin tədrisi üçün nəzərdə tutulmuş dərslik vəsaiti Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin rəhbərliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırlanıb.
Kitab iki hissədən ibarətdir: Multikulturalizm bölməsi və dinlər, dini durum, milli-mənəvi dəyərlərimiz və s. mövzuları əhatə edən bölmə. Kitabın müəllifləri arasında dövlət qurumlarının əməkdaşları, ilahiyyatçılar, ali məktəb müəllimləri və bu sahənin digər peşəkar mütəxəssisləri var”.