İranda maraqlı kənd - Kəndovan
02.09.2019
İranın Şərqi Azərbaycan vilayətindəki Təbriz şəhərinin yaxınlığında qədim və maraqlı bir kənd var. Kəndovan kəndi turistlərdə ən çox maraq doğuran yerlərdən biridir.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, kənd Səhənd dağının ətəyində yerləşir. Kəndovan fars dilindən tərcümədə arı pətəyi deməkdir. Qayalıqda yerləşən kəndə kənardan nəzər yetirdikdə onun arı pətəyinə bənzədiyi aydınlaşır. Arxeoloqlar bildirir ki, 1000 il əvvəl Səhənd dağında baş verən vulkan püskürməsinin nəticəsində dağın ətəyində yuvalara bənzər mağaralar yaranıb. Sonradan insanlar bu mağaraları yaşayış üçün əlverişli hala salıblar. Bu kəndin digərlərindən fərqi ondadır ki, buradakı evlər qayaların içində yerləşir.
Fars mənbələrinin verdiyi məlumata görə, VII əsrdə monqolların İrana hücumu zamanı insanlar qaçıb Səhənd dağının ətəyində gizləniblər. Sonralar insanlar buranın təhlükəsiz olduğunu görərək daimi məskən salıblar. Hazırda kəndin 1000 nəfərdən artıq əhalisi var. Turistlər üçün maraqlı məkan olan Kəndovan kəndində 5 ulduzlu otel də inşa edilib. Otel də qayanın içindədir. Lakin müasir avadanlıqlarla təchiz edilib.
Daşların arasında tikilmiş evlər kəndə özünəməxsus gözəllik verir. Kəndin yaxınlığına yerdən çıxan mineral su böyrək xəstəliyindən əziyyət çəkənlərin müalicəsində istifadə edilir.
Dünyada üç belə kənd mövcuddur. Onlardan biri Türkiyədəki Kapadokiya, digəri isə ABŞ-dakı Dakotadır. Fərq ondadır ki, İrandakı kənddə insanlar yaşayır.