5000 ağac kəsiləcək - səbəbi
02.09.2019
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi qurumuş ağacların kəsilməsinə başlayıb.
Xəbər verildiyi kimi, bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, paytaxtın 12 rayonu üzrə ümumilikdə beş minə yaxın ağacın quruduğu müəyyənləşib:
"Hazırda kəsilmə prosesi davam etdirilir. 1200-dən çox qurumuş ağac kəsilib. Bəzən bu proses zamanı çətinliklər yaranır. Misal üçün, həmin ağacların yaxınlığında avtomobillər saxlayır və ya həmin ərazidə hərəkət sıxlığı müşahidə olunur.
Proses kökü üstə tam qurumuş ağaclar kəsilib bitənədək davam edəcək. Bunun nə qədər davam edəcəyi məlum deyil.
Dünən bazar günü olmasına baxmayaraq, Yasamal rayonunun bir neçə küçəsində kəsinti işləri həyata keçirilib. Budama işləri də aparılır".
Qeyd edək ki, avqustun 5-də baş verən güclü külək zamanı 50 ağac aşıb, 14-ü kökündən çıxıb. Hadisələr zamanı beş nəfər xəsarət alıb, 10 avtomobil əzilib.