Bakının baş planı oktyabrda təsdiqlənəcək
30.08.2019
Bakı şəhərinin baş planının hazırlanması üzrə işlərin növbəti fazasının tamamlanması bu ilin sonunadək nəzərdə tutulur.
Bunu "APA-Economics"ə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud deyib.
Onun sözlərinə görə, bu fazada 25 min və 10 min miqyasında olan xəritələr üzərində işlər aparılır.
"İlkin baxış artıq təqdim olunub. Hazırda Komitə və digər dövlət qurumlarının nümayəndələri ilə birgə sənədlərə baxılır. Bu işlərdən sonra isə daha detallı planlar hazırlanacaq. Şəhərin mərkəzində 5 min miqyasında olan xəritələr hazırlanacaq. Ümumi işin gedişatı gələn ilin oktyabr ayına nəzərdə tutulur və ilin sonunadək üçüncü fazaya başlanılacaq. Söhbət baş planın təsdiqlənməsindən gedir ki, 2020-ci ilin oktyabr ayına qədər sonuncu faza, yəni, baş planın təsdiqləməsi gözlənilir", - deyə R. Mahmud qeyd edib.