Emin Peterburqda konsert verəcək
28.08.2019
Sankt-Peterburq şəhərinin sakinləri və qonaqları avqustun son günündə İncəsənət meydanında keçiriləcək Drezden Opera balına dəvətlidirlər. Musiqi şousunun kulminasiya nöqtəsi Rusiya və Azərbaycan müğənnisi Emin Ağalarovun çıxışı olacaq.
Azərbaycanın Xalq artisti, "Crocus Group” holdinqinin vitse-prezidenti Emin Ağalarov Sankt-Peterburqda keçiriləcək Drezden Opera balının açıq meydançasında musiqisevərlərin qarşısına çıxacaq. Bu barədə tədbirin təşkilatçıları bildiriblər.
Peterburqlular və şəhərin qonaqları üçün festival Mixaylov Teatrı ilə Akademik Filarmoniya arasında yerləşən İncəsənət meydanında keçiriləcək. Müğənni deyib: "Sankt-Peterburq şəhərinin bütün sakinlərinə müraciət etmək istəyirəm: şouya baxmağa gəlin və biz şəhərinizi dünyanın ən gözəl və işıqlı məkanına çevirəcəyik. Sürprizlərlə və gözlənilməz əyləncə ilə dolu bu möhtəşəm gecəni İncəsənət meydanında bizimlə birlikdə keçirin”.
Sayt yazır ki, artist 2012-ci ildə Bakıda keçirilən "Eurovision” beynəlxalq mahnı müsabiqəsinin xüsusi qonağı olub. O, həmin ildə "İlin ən yaxşı yeni artisti” nominasiyasında "Grammy” beynəlxalq mükafatına layiq görülüb. Bundan başqa, Emin bir çox digər mükafatların da sahibidir.
Arzu edənlər qonaqların qırımızı xalı üzərindən VIP keçidi mərasimini də izləyə biləcəklər. Bundan sonra onlar konsertin translyasiyasına baxacaq və musiqi festivalının şousundan zövq alacaqlar. Tədbirin aparıcıları məşhur "Taxt-tac oyunları” seriyalında rol almış artistlər Oksana Fyodorova və Tom Vlaşixa olacaq. Həmçinin, cazın əfsanəvi ifaçısı İqor Butman və Almaniyanın "Çingizxan” pop-qrupu da səhnəyə çıxacaqlar.