Makron: Rusiya ilə güclü əlaqə zəruridir, yoxsa...
27.08.2019
Dünyada baş verən coğrafi-siyasi dəyişikliklər səbəbindən Qərbin hegemonluğu başa çatır. TASS informasiya agentliyinın verdiyi xəbərə görə, bu fikri Fransa Prezidenti Emmanuel Makron respublikanın səfirləri ilə keçirdiyi müşavirədə səsləndirib.
E.Makron deyib: "Biz dünyada Qərbin hegemonluğunun başa çatdığını görürük. Şərait dəyişir. Bu, ilk növbədə, yeni dövlətlərin mövqeyinin möhkəmlənməsi ilə bağlıdır. Çin ilk sıraya çıxıb, Rusiya isə öz strategiyasında böyük uğur qazanır”.
E.Makron əlavə edib ki, Fransa üçün Rusiya ilə münasibətlərə yenidən baxmaq və daha güclü əlaqələr qurmaq zəruridir. "Biz Avropada yerləşirik, əgər Rusiya ilə yeni münasibətlər yaratmasaq, onda gərginlik, "dondurulmuş” münaqişələr və "soyuq müharibə”nin nəticələri ilə üz-üzə qala bilərik. Gündəlik olaraq bu istiqamətdə addımlar atılmalıdır”, deyə Fransa Prezidenti vurğulayıb. O qeyd edib ki, Rusiyanın iştirakı olmadan Avropada etimad mühitinin və təhlükəsizliyin olduğu yeni arxitektura qurmaq mümkün deyil.
Fransa Prezidenti diqqətə çatdırıb ki, ölkəsinin Xarici İşlər və Silahlı Qüvvələr nazirliklərinin nümayəndələri bir neçə gündən sonra Moskvada danışıqlara başlayacaqlar.