Azərbaycanda dopler radar sistemi quraşdırılacaq
26.08.2019
Azərbaycanda dopler radar sistemin quraşdırılacağı vaxt məlum olub.
Bunu jurnalistlərə açıqlamasında "Baron” şirkətinin nümayəndəsi Sergey Brayl bildirib.
O qeyd edib ki, şirkətin Milli Hidrometeorologiya Departamenti ilə bağladığı müqaviləyə əsasən, sistem ilin sonuna kimi Azərbaycana çatdırılacaq:
"2020-ci ilin birinci rübündə quraşdırma tam başa çatacaq. Radarın radiusu 250 kilometr, yağıntılar zonasının hündürlüyü isə altı kilometri əhatə edəcək. 250 kilometr deyən zaman biz dənizi də nəzərdə tuturuq. Ona görə, bu cihaz sahildə quraşdırılmalıdır. Hətta qonşu ölkədən hava axınını görmək üçün sərhəddə də quraşdırılmalıdır. Bütün bunları etmək üçün vaxt lazımdır".
Mütəxəssisin sözlərinə görə, cihaz Azərbaycanda sentyabrda sınaqdan keçiriləcək: "Daha sonra
radar məlumatlarını oxuya bilmələri üçün, biz radar mütəxəssisləri və meteoroloqlara təlimlər keçəcəyik. Təlimlərdən biri sistem istismara verildikdən sonra real məlumatları öyrətmək üçün keçiriləcək".
"Baron” şirkətinin nümayəndəsi Brian Bellev isə deyib ki, dopler radar sistemi meteorologiya sisteminə yararlı olacaq: "Sistemin əsas funksiyalarından biri təbii hadisələri öncədən əldə edib ictimaiyyətə məlumat verməkdir".