Bakıya qarşı qurulan tələlər: nələr edilir?
25.08.2019
İndinin özündə də bizi tələyə salmaq, öz maraqlarını həyata keçirərək Azərbaycana arxadan zərbə vurmaq istəyirlər. Dünya tarixi göstərir ki, coğrafi cəhətdən kiçik dövlətlər üçün milli maraqları güdən müstəqil siyasət aparmaq elə də asan məsələ deyil.
Dövran Media xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O bildirib ki, son zamanlar regionda baş verənləri buna misal olaraq göstərmək olar:
"Ən yaxın tarixdə rusların, amerikalıların, avropalıların Saakaşvili, Yanukoviç, Poroşenko timsalında liderlərin dövlətlərini hansı vəziyyətə saldıqları məlumdur. 2008-ci ildə Gürcüstanın başına gələn müsibətlər barədə Saakaşvili verdiyi müsahibəsində maraqlı detallara toxunmuşdu. O, Kondoliza Rays, Angela Merkel, Corc Buş kimi şəxslərin faktiki olaraq Gürcüstana qarşı xəyanətlərini etiraf edərək, müharibənin hansı fəsadlar gətirdiyini etiraf etmişdi. Bu tələlər bizə qarşı daha tez- tez qurulurdu. ABŞ-ın İranla bağlı planında Azərbaycan ərazisindən istifadə etmək təklifi, Aİ-nın ölkəmizə, Gürcüstan və Ukrayna kimi, assosativ üzvlük təklifi və s. Bizi "oyuna” çəkmələri hətta özlərinin marağında olan enerji təhlükəsizliyi siyasəti sahəsində də sezilirdi”.
Politoloq bildirib ki, Avropalılar NABUKKO-nu Rusiyadan enerji asılılığını azaldacaq xilaskar layihə kimi başa düşürdülər:
"Çünki Cənubi Qafqazdan keçməklə Mərkəzi Asiyanın zəngin qaz ehtiyatlarını Avropa dövlətlərinə çatdırmalı olan bu layihə çərçivəsində ilkin mərhələdə 30 milyard kubmetr həcmində qaz nəql edilməliydi. Lakin əsas məsələ layihənin maliyyə tərəfilə "siyasi təhlükəsizliyi” (Rusiya türkmən qazının Avropaya Azərbaycan vasitəsi ilə nəqlinə qırmızı işıq yandırmışdı) bağlı olduğundan, 10 il ərzində NABUKKO-nun reallaşdırılması üçün o zaman Almaniya kansleri Merkel tərəfindən hər hansı düzgün addım atılmadı və razılaşmalar elə kağız üzərində qaldı. Merkel ilə Putin arasında "razılıq” əldə edilmişdi. Olan Azərbaycana olacaqdı”.
Zaur Məmmədovun sözlərinə görə, məhz bundan sonra Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində siyasi təhlükəsizliyi minimum olan TANAP və TAP qaz kəmərlərini reallaşdırmağa başladı:
"Bizi indi də tələyə çəkirlər, həm Xəzərdə Transxəzərlə, həm Qarabağda ermənilərlə, həm Keşikçidağda gürcülərlə, həm də özlərini vətənpərvər kimi qələmə verən, hakimiyyətə dedikləri hər təhqirə görə müxtəlif xarici fondlardan maliyə alan müxalif partiya və yutuberlər ilə. Siyahı uzundur”.
Politoloqun sözlərinə görə, qarşıdakı 2 il ölkəmiz üçün çox ciddi və önəmli illər olacaq./axar.az/