Bazar yanır - BAKIDA
22.08.2019
Fövqəladə Hallar Nazirliyi "Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, avqustun 22-də FHN-nin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, "Baksol” yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.
Bakı Nəqliyyat Agentliyinin (BNA) "Baksol” yolundakı taxta bazarında baş verən yanğınla əlaqədar yaydığı məlumatda isə bildirilir qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.
"Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik”, - deyə BNA-nın məlumatında bildirilir.